Sabirabad royonunda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi keçirilmişdir
Noyabrın 13-də Heydər Əliyevin adını daşıyan parkda 500 nəfərdən çox sabirabadlı Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasiminə toplaşmışdı. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev partiyanın 20 illik yubileyi münasibətilə tədbir iştirakşılarını təbrik etmiş və yubiley ərəfəsində Mərkəzin təməlinin qoyulmasını əlamətdar hadisə adlandırmışdır.
Tədbirdə çıxış edən YAP rayon təşkilatının veteranı Salamulla Abdullayev, gənc müəllim Sadiq Məmmədov Heydər Əliyev Mərkəzinin tikintisini sabirabadlıların Heydər Əliyev irsinə hörmət və sevgisindən irəli gəldiyini vurğulamışlar.
YAP Siyasi Şurasının üzvü, rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək xalqımızın Ümummilli lideri Heydər Əliyevin ölməz ideyalarından danışmışdir. O bildirmişdir ki, bu gün Ulu öndərin bizə ərməğan etdiyi yol şərəfli və işıqlı yoldur. Çox hörmətli Prezidentimiz İlham Əliyev bizi bu yolla gündən-günə daha böyük qələbələrə yaxınlaşdırır.
Natiq çıxışının sonunda demişdir ki, biz mənən dahi rəhbərimizə çox borcluyuq. Onun irsini öyrənmək, özü də mükəmməl öyrənmək hər birimizin borcudur. Bu gün müqəddəs bir binanın təməli qoyulur. Bu bina Vətənini, millətini sevən hər kəs üçün müqəddəs və əziz bir məkan olacaqdır.
Sonra Seyid Rəsul Ağa ocağının varisi Mir Həmid Ağanın xeyir-duası iıə Mərkəzin təməli qoyulmuşdur.
Mərkəzin tikinti sahəsi 1220 m2, ümumi sahəsi 3600 m2-dır. Yeni binanın foyesində Ulu öndərin büstü qoyulacaq, burada onun həyat və fəaliyyətini əks etdirən muzey, 250 yerlik konfrans zalı, elektron kitabxana, 9 müxtəlif təyinatlı dərnəklər üçün otaqlar, o cümlədən iş və xidmət otaqları nəzərdə tutulmuşdur. Ümumilikdə Park yenidən qurulacaqdır. Mərkəz Umummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ərəfəsində istifadəyə veriləcəkdir.