«Bazarstore» Sabirabadda fəaliyyətə başladı
İyulun 17-də Sabirabad şəhəri Heydər Əliyev prospektində «Azərsun Holdinq»in «Bazarstore» mağazasının istifadəyə verilməsi ilə bağlı açılış mərasimi keçirildi. Rayon ictimaiyyət nümayəndələrinin, «Bazarstore» mağazalar şəbəkəsinin baş direktoru Burhan Sevahilin, satınalma direktoru Mahmud Ovçunun və digərlərinin iştirakı ilə keçən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov obyektin açılış mərasimi münasibətilə ürək sözlərini söyləmiş, xoş arzularını bildirmişdir. Rayon rəhbəri çıxışının sonunda vurğulamışdır ki, arzu edərdik «Azərsun Holdinq» digər layihələrini də rayonumuzda həyata keçirsin.
Sonra ticarət obyektinin açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş, obyektə baxış keçirilmişdir. Eyni zamanda müştərilər ticarət obyektinə daxil olaraq alış-veriş etmişlər.
«Bazarstore» PR və Marketinq şöbəsinin müdiri Günay Novruzqızı söhbət zamanı bildirdi ki, «Bazarstore» mağazalar şəbəkəsi respublikamızın bir çox yerlərində fəaliyyət göstərir. Sabirabadda ilk dəfədir ki, bu obyekt işə başlayır. 6 ay müddətində obyekt tikilərək istifadəyə verilmişdir. Ticarət şəbəkəsi səhər saat 8-dən gecə saat 11-dək əhalinin xidmətində olacaqdır. Burada 25 mindən çox çeşiddə məhsul vardır. Obyektin satış sahəsi 1000 kvadratmetrdir. Burada 50 nəfər işlə təmin olunmuşdur. Müştəri məmnunluğu bizim əsas məqsədimizdir. Keyfiyyət hər zaman ən önəmlidir, daim endirim kampaniyalarımız vardır.