Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda kooperasiyanın təşkili ilə bağlı tədbir keçirildi

13 iyul 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyinin “Kənd təsərrüfatı kooperativlərinin yaradılması və fəaliyyəti ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçılarına institusional yardım” layihəsi üzrə Sabirabad rayonunda fermerlər üçün məlumatlandırma tədbiri keçirilib. 

25 nəfər fermerin, bələdiyyə rəhbərinin, kənd təsərrüfatı mütəxəssisinin, icra nümayəndəsinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rayon Kənd təsərrüfat idarəsinin rəisi Heydar Yaqubov Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, bazarların bol ərzaq məhsulları ilə təmin olunması, bütövlükdə kəndin simasının dəyişdirilməsi, yeni infrasturuktun yaranması sahəsində son illərdə qəbul olunmuş qanun, qərar, proqramların, o cümlədən “Kooperasiya haqqında” Azərbaycan Respublikasının Qanununun və cənab Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın əhəmiyyətindən, bu sahədə Sabirabad rayonunda görülən və görülməsi planlaşdırılan tədbirlərdən danışıb.

“Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyinin sədri, ADİU-nin professoru, iqtisadiyyat üzrə elmlər doktoru Həsən İsrafilov kənd təsərrüfatı kooperasiyasının mahiyyəti, onun dünya ərzaq təchizatı prosesində yeri, dünyanın qabaqcıl ölkələrində kiçik fermer təsərrüfatlarının birləşərək böyük kooperasiyalar yaratması təcrübəsini faktlarla və elmi əsaslarla izah edib. Kooperasiya hərəkatı haqqında çoxsaylı elmi məqalənin, monoqrafiyanın müəllifi olan H.İsrafilov Hollandiya, İsrail, İtaliya, Kanada, Türkiyə dövlətlərində kooperasiyaların fəaliyyətini təhlil etmiş, bütövlükdə onların dünyada kənd təsərrüfat məhsullarının 50 faizdən çoxunu, bəzi ölkələrdə 80 faizə qədərini istehsal etdiyini, işləmə mexanizmini izah etmişdir. Prezidentimizin bu sahənin inkişafına verdiyi diqqəti ürəkdən bəyəndiyini, onun icrasının ümumi inkişafa müsbət təsir edəcəyini qeyd edən tanınmış alim bu sahədə hər bir fermerin, bələdiyyənin, dövlət orqanının, QHT-nin, kənd ziyalılarının qarşısında duran vəzifələri göstərib. 

Tədbirin sonunda iştiraçkılar arasında sorğu keçirilib, fermerlərin problemləri, çətinlikləri, planları haqqında məlumat toplanıb.

İştiraçkılara praktik fəaliyyətləri üçün zəruri olan normativ hüquq aktların surətləri, praktik metodiki vəsaitlər paylanıb. 

Keçidlər