Suqovuşan kəndində səyyar qəbul keçirilmişdir
İyulun 12-də Suqovuşan kəndi ərazisində yerləşən Sabirabad Dövlət Sosial İqtisad Kollecinin həyətində rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Suqovuşan kəndinin sakinləri ilə görüş keçirmişdir. Tədbirdə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Tədbiri rayon rəhbəri Nazim İsmayılov açaraq pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrdən danışmışdır. Bildirmişdir ki, pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı bir sıra işlər görülmüş, uğurlu nəticələr əldə edilmişdir. Lakin qazanılmış uğurlarla yanaşı, nöqsanlar da mövcuddur. O cümlədən Kürkəndi kənd inzibati ərazi dairəsində torpaqlar təyinatı üzrə istifadə olunmur. Buna görə də əkinçilikdə məhsuldarlıq aşağı düşür. 2016-cı ildə burada hər hektardan 13,4 sentner pambıq götürülmüşdür. Lakin ötən il hər hektarda məhsuldarlıq aşağı düşərək 9,8 sentner olmuşdur. Halbuki 1981-ci ildə 1180 hektar sahədə pambıq əkilmiş, hər hektardan 38,2 sentner məhsul götürülmüşdür. Göründüyü kimi, burada potensial imkanlar vardır. Lakin bu imkanlardan bacarıqla istifadə edilmir. Cari il üçün 480 hektarda pambıq müqaviləsi bağlanılmışdır. Bu sahədə irəliləyişə nail olmaq üçün imkanlardan və ehtiyat mənbələrindən maksimum səmərəli istifadə edilməli, torpaqlar təyinatı üzrə əkilməlidir. Pambıqçılığı inkişaf etdirmək üçün bütün qüvvələr səfərbər edilməlidir.
Nazim İsmayılov həmçinin qeyd etmişdir ki, Kürkəndi kənd inzibati ərazi dairəsində baramaçılığa da laqeyd münasibət vardır. Rayon üzrə barama tədarükü tapşırığı artıqlaması ilə yerinə yetirilsə də burada bu sahə kəsirdə qalmışdır.
Rayon rəhbəri Nazim İsmayılov həmçinin baramaçılığın inkişafı ilə bağlı da qarşıda duran vəzifələrdən danışmışdır.
RİHB-nin Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zülfəli Musayevin məlumatı dinlənilmişdir.
Kənd sakinləri çıxış edərək təklif və mülahizələrini bildirmiş, fikir mübadiləsi aparmışlar.
İcra başçısı aidiyyatı qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini vermiş, qarşıda duran vəzifələrdən danışaraq tədbirə yekun vurmuşdur.