Yuxarı Axtaçı kəndində səyyar qəbul keçirilmişdir
İyulun 10-da Yuxarı Axtaçı kənd tam orta məktəbinin həyətində rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov Yuxarı Axtaçı kəndinin sakinləri ilə görüşmüşdür.
Nazim İsmayılov əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində ölkəmizdə görülmüş işlərdən danışmışdır. Eyni zamanda rayonumuzda görülmüş quruculuq işləri barədə də geniş məlumat vermişdir. Rayon rəhbəri aqrar sahədə, o cümlədən pambıqçılıqda və baramaçılıqda görülmüş işlərdən də ətraflı bəhs etmişdir. Bildirmişdir ki, bu sahələrdə uğurlarla yanaşı, nöqsanlar da mövcuddur. Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə ötən il 336 hektar sahədə pambıq əkilmiş, hər hektardan 7,1 sentner məhsul götürülmüşdür. Nümayəndəlik pambıq mövsümünü sonuncu yerdə başa vurmuşdur. Halbuki 1981-ci ildə bu ərazidə 740 hektar sahədə məhsul yetişdirilmiş, hər hektardan 30 sentner pambıq götürülmüşdür. Cari il üçün 230 hektarda müqavilə bağlanmışdır.
Rayon üzrə barama tədarükü tapşırığı artıqlaması ilə yerinə yetirilmişdir. Lakin Qasımbəyli kənd inzibati ərazi dairəsində bu sahə kəsrdə qalmışdır. Odur ki, gerilikdən ciddi nəticə çıxarılmalı, nöqsanlar aradan qaldırılmalıdır. Pambıq əkinlərinin becərilməsi sürətləndirilməlidir. Baramaçılığın da inkişaf etdirilməsinə xüsusi fikir verilməlidir.
Tədbirdə RİHB-nin Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Afət İsgəndərovun və bələdiyyə sədri Cəmil Məmmədovun məlumatları dinlənilmişdir.
Kənd sakinlərindən Əmirxan Əflatunov, Cəfər Babaşov, Əhsən Soltanov və başqaları müxtəlif təkliflərlə çıxış etmişlər.
Rayon rəhbəri Nazim İsmayılov tədbiri yekunlaşdıraraq problemlərin aradan qaldırılması və həlli ilə bağlı rayonun əlaqədar təşkilat rəhbərlərinin, kənd icra nümayəndəsinin və bələdiyyənin qarşısında duran vəzifələrdən danışmış, aidiyyatı üzrə tapşırıqlar vermişdir.