Şriftin ölçüsü :

Saytın rəngi :

"Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının növbəti tədbiri Sabirabadda keçirilib

01 iyul 2018 | 16:00

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən "Bölgələrdən bölgələrə" Yaradıcılıq Festivalı davam edir. Layihənin məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir.

“100 illik tariximiz” başlığı altında gerçəkləşən festivalın növbəti tədbiri iyulun 1-də Sabirabaddakı Heydər Əliyev parkında təşkil olunub. Parkda Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin – Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi keçirilib.

Açılış mərasimində çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov festivalın əhəmiyyətini nəzərə çatdırıb. Vurğulanıb ki, layihə ilk dəfə ölkəmizin bütün regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı yaradır.

Yaradıcılıq festivalında hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri öz bacarıqlarını nümayiş etdiriblər. Rayon sakinləri, tədbirə dəvət edilən qonaqlar, habelə festival iştirakçıları pavilyonlara baş çəkərək ayrı-ayrı bölgələrə aid mədəni irsi, həmin bölgənin tarixi və müasir inkişafını əks etdirən sənət nümunələri ilə yaxından tanış olublar.

Tədbirdə regional idarələrin incəsənət ustalarının konsert proqramı maraqla qarşılanıb. Festival atəşfəşanlıqla başa çatıb.

Keçidlər