Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngənə kəndi də «mavi qaz»la təmin olundu

27 iyun 2018 | 16:00

İyunun 27-də Zəngənə kəndində böyük izdiham var idi. Bu heç də səbəbsiz deyildi. Burada təbii qazın kəndə verilməsi münasibətilə tədbir keçirilirdi.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq bu əlamətdar gün münasibətilə təbriklərini çatdırmışdır. Bildirmişdir ki, təbii qazın əhalinin rahatlığının təmin olunmasında müstəsna rolu vardır. Ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə regionların qaz təsərrüfatının dünya standartları səviyyəsində yenidən qurulması istiqamətində geniş işlər görülmüşdür. Bu istiqamətdə rayonumuzda da çox mühüm işlər aparılmışdır. Bir-birinin ardınca kəndlərə təbii qaz verilir. Zəngənə 61-ci kənddir ki, qazlaşdırılır.

Tədbirdə «Azəriqaz» İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayev çıxış edərək bildirmişdir ki, qazlaşma prosesi bundan sonra da davam edəcəkdir. Hazırda Sabirabadın digər kəndlərində də bu istiqamətdə işlər görülür.

Kənd sakinlərindən Razı Məmmədov, Ruhiyyə Süleymanova çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, qazın çəkilməsində xidmətləri olanların hamısına minnətdarlıqlarını bildirmişlər.

Alqış sədaları altında «mavi alov» şölələnmişdir.

Tədbir iştirakçıları kənd sakini Razı Məmmədovun evində olmuş, ailənin sevincinə şərik çıxmışlar.

Kənd sakinlərinin adından ölkə Prezidenti cənab İlham Əliyevə təbrik teleqramı ünvanlanmışdır.

Keçidlər