Əliləmbəyli kəndində səyyar qəbul keçirilmişdir
İyunun 20-də Əliləmbəyli kəndində rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Əliləmbəyli kənd sakinləri ilə görüş keçirmişdir.
Tədbirdə RİHB aparatının məsul işçiləri, rayonun aqrar sahə ilə əlaqəli olan idarələrin, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Görüşü Nazim İsmayılov açaraq tədbir iştirakçılarına ölkəmizdə və rayonumuzda görülmüş abadlıq-quruculuq işləri barədə geniş məlumat vermişdir. Aqrar sahədə, xüsusilə də pambıqçılıqda və baramaçılıqda qazanılmış uğurlarla yanaşı bu sahədə nöqsanlardan da danışmışdır. Əliləmbəyli kənd inzibati ərazi dairəsində aqrar sahədə potensial imkanlardan bacarıqla istifadə edilmir, torpaqlar təyinatı üzrə əkilmir, əkinçilik mədəniyyəti yarıtmazdır. Bütün bunlara görə də pambıqçılıqda və digər sahələrdə hektarların məhsuldarlığı aşağı düşür. Odur ki, bütün səylər mövcud nöqsanların aradan qaldırılmasına yönəldilməlidir. Pambıq əkinlərinin becərilməsi sürətləndirilməlidir. Baramaçılığın da inkişaf etdirilməsinə xüsusi fikir verilməlidir.
Tədbirdə RİHB-nin Əliləmbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəsul Binəliyevin məlumatı dinlənilmişdir.
Görüşdə kənd sakinləri Əlifağa Xanməmmədov, Güləli Bəhriyev, Əmirxan Nuriyev və başqaları çıxış edərək həlli vacib olan məsələlər qaldırmaşlar.
Rayon rəhbəri Nazim İsmayılov tədbirin sonunda kənd sakinlərinin müraciətləri əsasında aidiyyatı qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini vermiş, qarşıda duran vəzifələrdən danışmışdır.