Sabirabadda Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olunub
Sabirabad rayon İcra Hakimiyyəti rayon Mədəniyyət Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil edib.
Tədbirdən əvvəl iştirakçılar Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılan abidəsini ziyarət etmiş, önünə tər güllər düzmüşlər.
Sonra Heydər Əliyev parkında təşkil edilmiş gənclərin əl işlərindən ibarət sərgiyə baxılmış və qaliblər mükafatlandırılmışdır.
Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.
Konsertin aparıcıları qeyd ediblər ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və ona arxa olan bir insan - Heydər Əliyevdir.
Vurğulanıb ki, Milli Qurtuluş Günü ulu öndər Heydər Əliyevin bütünlüklə xalqı azərbaycançılıq məfkurəsi ətrafında birləşdirməsinin bariz sübutu oldu. Bu ideya ölkəmizin inkişafında, keçdiyi yolda hər zaman vətəndaşlarımızın bir amal uğrunda birləşdirilməsində müstəsna rol oynayıb. Bu gün həmin ideyalar Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Konsertdə tanınmış incəsənət ustalarından xalq artisti Bilal Əliyev, Nadir Qafarzadə, Aynur Dadaşova, Emin Hüseynov və başqalarının ifalarında səslənən Vətəni, Ulu Öndəri, vətənpərvərliyi tərənnüm mahnıları alqışlarla qarşılanıb.
Tədbir bayram atəşfəşanlığı ilə başa çatıb.