Sabirabadda Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramlarını qeyd etmişlər
İyunun 5-də Sabirabad rayon İcra Hakimiyyətinin iclas zalında «5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü» qeyd edilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış etmişdir. O öz çıxışında dövlət başçısı cənab İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı ilə Su təsərrüfatı və meliorasiya işçiləri gününün təsis edilməsini onun bu sahəyə və burada çalışan işçilərin əməyinə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd etmişdir. Natiq həmçinin rayonda meliorasiya və su təsərrüfatı sahəsində görülən işləri yüksək qiymətləndirmiş, qarşıda duran vəzifələrdən danışmışdır.
Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyev və Su Kanal idarəsinin rəisi Xaləddin Şahbazov çıxış edərək rayonda meliorasiya və su təsərrüfatı sahəsində görülən işlər barədə ətraflı məlumat vermişlər.
Tədbirdə Nazim İsmayılov peşə bayramı münasibəti ilə bir qrup su təsərrüfatı və meliorasiya işçisinə rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanını təqdim etmişdir.