Əhmədabad kəndində səyyar qəbul keçirilib
İyunun 5-də Əhmədabad kənd mədəniyyət evində Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Əhmədabad kənd sakinləri ilə görüşmüşdür.
Nazim İsmayılov pambıqçılıq, baramaçılıq sahəsində görülmüş işlərdən, əldə olunmuş uğurlu nəticələrdən ətraflı bəhs etmişdir. Eyni zamanda yol verilmiş nöqsanlardan da danışaraq bildirmişdir ki, Əhmədabad kənd inzibati ərazi dairəsində aqrar sahədə gerilik nəzərə çarpır. Bu isə əsasən torpaqların təyinatı üzrə istifadə edilməməsi ilə əlaqədardır. Burada növbəli əkin sistemi zəif tətbiq olunur. Taxıl, yonca və digər bitkilər illərlə eyni sahələrdə əkilib- becərilir. Bu isə məhsuldarlığın aşağı düşməsinə, torpağın eroziyaya uğramasına səbəb olur. Bütün bunların nəticəsidir ki, keçən il 363 hektar sahədən cəmi 13,7 sentner pambıq istehsal edilmişdir.
RİHB-nin Əhmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xaqani Qasımovun və Əhmədabad bələdiyyəsinin sədri İsa Əlləzovun məlumatları dinlənilmişdir.
Tədbirdə kənd sakinlərindən Mayıl Əlləzov, Nurəddin Muradov, İslam Nüfərov və başqaları çıxış edərək təklif və mülahizələrini bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıda duran digər vəzifələrdən danışmış, kənd sakinlərinin müraciətləri ilə bağlı müvafiq qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.