Sabirabadda akademik Zərifə xanım Əliyevanın anım tədbiri keçirilib
Aprelin 27-də oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Sabirabad rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində rayonun Heydər Əliyev mərkəzində anım tədbiri keçirilib.
Rayon ictimaiyyətinin, ziyalıların, gənclərin iştirak etdikləri tədbiri rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq geniş məruzə ilə çıxış etmişdir. O, bu günlər respublikanın hər yerində olduğu kimi, Sabirabadda da görkəmli ictimai xadim və oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının ildönümü ilə bağlı silsilə tədbirlərin, konfransların keçirildiyini bildirmiş, alimin oftalmologiya elminin inkişafına verdiyi dəyərli töhfələrdən söz açmışdır.
Natiq bildirilmişdir ki, Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dövrünün görkəmli ictimai- siyasi və elm xadimi Əziz Əliyevin ailəsində anadan olmuşdur. O, dünya təbabətində özünəməxsus yeri olan, tibb elmində gur çıraq kimi şölələnən Zərifə Əliyeva fitri istedada malik alim, Tanrının xalqımıza bəxş etdiyi pak və nadir insan idi. Onun mənalı ömrü, keçdiyi şərəfli həyat yolu bu gün də, gələcəkdə də hər bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Təbiətin bəxş etdiyi nadir keyfiyyətlər, yorulmaq bilmədən çalışmaq əzmi onu hərtərəfli bir şəxsiyyətə çevirmişdir. Zərifə Əliyeva, eyni zamanda, Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən insanlıq, qadınlıq meyarı idi. İşıqlı bir həyat yaşayan Zərifə Əliyeva görkəmli oftalmoloq alim, qayğıkeş həkim, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürmüşdür.
Qeyd olunmuşdur ki, akademik Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq elmi mühiti səviyyəsinə qaldırıb. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb, əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir. Zərifə xanım Ulu öndər Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və məsləkdaşı olmuşdu. Ulu öndərin əsasını qoyduğu geniş quruculuq işləri və Zərifə xanımın çoxşaxəli humanitar missiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci xanımı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Akademik Zərifə Əliyevanın unudulmaz və əziz xatirəsini yad etdikcə bu parlaq şəxsiyyətin elmimizə, səhiyyəmizə, Milli və mənəvi varlığımıza bəxş etdiyi dəyərləri təkrarən dərk edir, onun ölməz ruhu qarşısında bir daha baş əyirik. Məhz buna görə də Zərifə xanımın ruhunun sönməz işığı və onun əziz xatirəsi hər zaman insanların qəlbində yaşayacaq.
Tədbirin sonunda akademik Zərifə xanım Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.