Sabirabad rayon Gənclər Mərkəzində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilmişdir
Respublikamızda bütün sahələr kimi, gənclərlə iş sahəsinə də dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gənclərin hərtərəfli inkişafı, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait, möhkəm hüquqi baza yaradılmışdır. Azərbaycan gəncliyi ictimai-siyasi həyatın bütün sahələrində öz fəallığı ilə seçilir.
Bu fikirlər Sabirabad rayon İcra Hakimiyyəti, Azərbaycan Prezidenti yanında Bilik Fondunun və Sabirabad rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə keçirilən görüşdə səsləndirilmişdir.
Sabirabad Gənclər Mərkəzində keçirilən toplantıda Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, professor Fəxrəddin Nağıyev, Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək aprelin 11-nə təyin edilmiş Prezident seçkilərinin ölkəmiz üçün böyük siyasi əhəmiyyətindən danışmışlar.
Tədbirdə gənclərin rayonun ictimai-siyasi həyatındakı fəal rolundan geniş bəhs edilmişdir. Əminliklə vurğulanmışdır ki, Sabirabad gəncləri əvvəlki seçki kampaniyalarında olduğu kimi, Prezident seçkilərində də öz fəallığı ilə seçiləcək, seçkilərin yüksək səviyyədə keçməsinə öz töhfələrini verəcəklər.
63 saylı Sabirabad birinci Seçki Dairəsi Dairə Seçki Komissiyasının katibi Azər Hüseynov ilk dəfə səs verəcək gənclərin seçki hüququ ilə bağlı suallarına cavab vermişdir.