Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Bərdədə keçirilmiş pambıqçılığın inkişafı məsələlərinə dair Respublika müşavirəsində qarşıya qoyulan vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir
Martın 28-də rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Bərdədə keçirilmiş pambıqçılığın inkişafı məsələlərinə dair Respublika müşavirəsində qarşıya qoyulan vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq bildirmişdir ki, martın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Bərdədə keçirilən pambıqçılığın inkişafına dair Respublika müşavirəsində dövlətimizin başçısı qarşıya mühüm vəzifələr qoymuşdur. Qeyd etmişdir ki, pambıqçılığın ölkə iqtisadiyyatı üçün böyük faydası vardır. Bu, ölkəmizin iqtisadi inkişafının, həmçinin əhalinin məşğulluğunun təmin edilməsinə böyük təkan verir. Pambıqçılığın inkişafı ilə bağlı mərkəzləşdirilmiş idarəetmə sistemi yaradılmışdır. Prezident Administrasiyası, yerli icra orqanları, şirkətlər, fermerlər, zəhmətkeşlər artıq bir nöqtəyə vuraraq yaxşı nəticələr əldə etmişlər. İki il ərzində əldə edilmiş rəqəmlər bunun ən yaxşı göstəricisidir. Ölkə rəhbəri pambıqçılığın intensiv metodlarla inkişaf etdirilməsinin mühüm əhəmiyyəti olduğunu vurğulamışdır. Müşavirədə bizim rayondan da 22 nəfər nümayəndə iştirak etmişdir. Müşavirədə qarşıya qoyulmuş vəzifələr bizim hər birimizdən daha məsuliyyətlə çalışmağı tələb edir. Vaxtilə pambıqçılıq Sabirabadda yüksək inkişaf yolu keçmişdir. 112 min tonadək pambıq istehsal olunmuşdur. Sonralar pambıqçılıq unudulmuş, bu sahə tənəzzülə uğramışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində gördüyü işlər pambıqçılığın inkişafına da müsbət təsir göstərmişdir. Rayonumuzda da bu sahədə mühüm tədbirlər görülmüşdür. Ötən il rayon üzrə 15 min 55 hektar sahədə pambıq əkilmiş, 18,2 min ton kondisiya çəkidə xam pambıq tədarük edilmişdir. 2017-ci ildə pambıq əkini sahələri 2016-cı illə müqayisədə 2,5 dəfə və məhsul istehsalı 2,2 dəfə artmışdır. Rayonda pambıqçılığın genişləndirilməsi minlərlə insanın məşğulluğunu təmin edərək onlara xeyli qazanc gətirmişdir.
Sevindirici haldır ki, müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatının inkişafında xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Fatma Hüseynovaya I dərəcəli «Əmək» ordenini təqdim etmişdir. Onun əməyinə verilən qiymət ümumilikdə sabirabadlılara olan etimadın nəticəsi kimi qiymətləndirilir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rayon ictimaiyyəti adından sonsuz minnətdarlığımızı çatdırırıq. Fatma xanım Hüseynovanı da böyük nailiyyət münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, gələcək işlərində uğurlar arzulayırıq.
Tədbirdə rayon Kənd təsərrüfatı idarəsinin rəisi Heydar Yaqubov pambıqçılıq sahəsində görülmüş və görüləcək işlərdən danışmış, pambıqçılığın inkişafı ilə bağlı məsələlərdən bəhs etmişdir.
Tədbirdə aidiyyatı təşkilat rəhbərlərinin, şirkət təmsilçilərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, fermerlərin məlumatları dinlənilmişdir.
Müşavirədə problemlər, buraxılmış nöqsanlar təhlil edilmişdir. Gələcəkdə nöqsanlara yol verilməməsi üçün aidiyyatı qurumlarla birlikdə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etməyin vacibliyi xüsusi olaraq vurğulanmışdır.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul nümayəndəsi İbrahim Mustafayev müşavirədə çıxış edərək qarşıya qoyulmuş vəzifələrdən ətraflı danışmışdır.