Şriftin ölçüsü :

Saytın rəngi :

Bahar təravətli Novruz yurdumuza qədəm qoydu

16 mart 2018 | 16:00

Martın 16-da şəhərimizdəki Ümummilli Lider Heydər Əliyevin adını daşıyan istirahət parkında Novruz şənliyi keçirilmişdir. Park bayram libasına bürünmüşdü. Məktəblilərin əl işlərindən ibarət sərgilər, milli-mənəvi dəyərlərimizi tərənnüm edən eksponatlar, bayram şüarlı plakatlar parka xüsusi yaraşıq verirdi. Ətrafı musiqi sədaları bürümüşdü. Hamı deyib-gülür, şənlənirdi. Park, necə deyərlər, şənliklə sevincin qovuşduğu məkana çevrilmişdi. Bir sözlə, burada əsl bayram ab-havası hökm sürürdü.

Saat 10:30-da rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ziyalılar da şənliyə qatıldılar. Milli geyimli qızlar rayon rəhbərini gül-çiçəklə qarşıladılar.

Qonaqlar əvvəlcə sərgilərə baxdı, pəhləvanların, idmançıların nümunəvi çıxışlarına tamaşa etdi, bayram şənliyi üçün bişirilmiş Azərbaycan mətbəxinin ləziz təamlarından daddılar.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov alqış sədaları altında bayram tonqalını yandırdı. Novruzun personajı olan Bahar qız faytonda meydana daxil oldu. O tədbr iştirakçılarını bayram münasibətilə təbrik etdi.

İncəsənət ustalarının çıxışı başladı, şən mahnılar və oynaq rəqslər bir-birini əvəz etdi.

Təbrik üçün söz rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova verildi. O tədbir iştirakçılarını, eləcə də bütün sabirabadlıları Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik etdi, onlara xoş arzularını çatdırdı. Nazim İsmayılov ötən müddət ərzində görülmüş işlərdən, həyata keçirilmiş tədbirlərdən danışdı.

Şən musiqi və mahnılar, kosa və keçəlin məzəli söhbətləri tədbir iştirakçılarına xoş  ovqat bəxş etmişdir.

Tədbirdən sonra rayonumuzun Qaratəpə kəndindəki N saylı hərbi hissəyə bayram sovqatı aparılmışdır.

Keçidlər