Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda 4 məktəb istifadəyə verildi

16 sentyabr 2012 | 15:00

15 sentyabr - Bilik Günü respublikanın hər yerində olduğu kimi, Sabirabad rayonunda da əsl bayram əhval-ruhiyyəsi ilə qeyd olundu.
Bayram əhvalına əlavə rəng qatan məqam isə rayonun ən böyük təhsil müəssisələrindən olan Nizami Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinin əsaslı təmir edilməsi, Eynulla Nadirov adına 8 saylı şəhər tam orta məktəbinin, Yuxarı Axtaçı və Nərimankənd tam orta məktəblərinin yeni binalarının tikilərək dərs ilində şagirdlərin istifadəsinə verilməsi oldu. Tədbirlər silsiləsinin ilki N.Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbində keçirildi. Məktəbin direktoru Bilal Əhmədov aparılan bərpa-gücləndirmə və əsaslı təmir barədə, məktəbin hazırkı vəziyyəti haqqında məlumat verdi. Milli Məclisin deputatları Ceyhun Osmanovun və Rüstəm Xəlilovun, mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri və valideynləri təbrik etdi. Məktəb həyatına yeni qədəm basan birincilərə uğurlar arzuladı. Dövlət başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təhsilə xüsusi diqqət və qayğısının təzahürü olaraq ölkəmizin bütün bölgələrində yeni tədris ocaqlarının tikildiyini vurğulayan icra başçısı bu qayğıdan Sabirabada da böyük töhfə düşdüyünü qeyd etdi. Bildirdi ki, rayon mərkəzindən uzaq kəndlərdə müasir tipli məktəblərin istifadəyə verilməsi deyilənlərə bariz nümunədir.
Milli Məclisin deputatı Ceyhun Osmanov da əlamətdar gün münasibətilə məktəbliləri təbrik edərək hər cür lazımi avadanlıqla təmin olunmuş yaraşıqlı sinif otaqlarından ibarət məktəblərin istifadəyə verilməsini ölkə rəhbərliyinin insan amilinə verdiyi yüksək dəyərin məntiqi nəticəsi kimi qiymətləndirdi, yaradılmış şəraitdən məktəblilərin düzgün istifadə edərək biliklərini artırmalarının, gələcəkdə layiqli vətəndaş olmaq üçün yaxşı oxumalarının vacibliyini vurğuladı.
Çıxış edən valideynlər də sevinclərinin həddi-hüdudu olmadığını bildirdilər, yaradılmış ideal şəraitə görə ölkə başçısına minnətdarlıq etdilər.
Sonra ilk dərsin başladığını bildirən zəng çalındı, siması tamamilə yenilənmiş məktəb öz qapılarını üç ay "səs-kuyünə həsrət qaldığı" şagirdlərin üzünə açdı, onlar da sevinə-sevinə yeni və yaraşıqlı siniflərinə tələsdilər.
Məlumat üçün qeyd edək ki, Nizami Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbi 1979-cu il sentyabrın 1-də istifadəyə verilib. Ulu öndər Heydər Əliyev məktəbin açılışında iştirak etmiş, 16 sentyabr 1999-cu ildə 20 illik yubiley münasibətilə məktəbin kollektinə təbrik məktubu göndərmişdir. Bərpa-gücləndirmə və əsaslı təmir işləri görülmüş, bütün zəruri avadanlıqlarla təchiz edilmiş məktəb 1176 şagird yerlikdir, 65 sinif otağından və 3 laboratoriyadan ibarətdir. Məktəbə 35 kompyuter dəsti verilmiş, süni örtüklü stadion tikilmişdir.
Daha bir açılış tədbiri Eynulla Nadirov adına 8 saylı şəhər tam orta məktəbində keçirildi. Məktəbin əvvəlki binası 1962-ci ildə tikilmiş, 250 şagird yerlik olmuşdu. Təhsil Nazirliyinin vəsaiti ilə inşa olunan 3 mərtəbəli yeni məktəb binası 480 şagird yerlikdir, bütün avadanlıqlarla təchiz edilmişdir. 23 sinif otağı və 2 laboratoriyadan ibarətdir. Məktəbə 15 kompyuter dəsti verilmişdir.
Nərimankənd tam orta məktəbinin 180 şagird yerlik əvvəlki binası 1940-cı ildə tikilmişdir. Təhsil Nazirliyinin vəsaiti ilə inşa olunan 2 mərtəbəli yeni məktəb binası isə 480 şagird yerlikdir, bütün avadanlıqlarla təchiz edilmişdir.
Yuxarı Axtaçı kənd tam orta məktəbinin əvvəlki binası 1970-ci ildə tikilmiş, 228 şagird yerlik olmuşdu. Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa olunan 2 mərtəbəli yeni məktəb binası 250 şagird yerlikdir. 12 sinif otağı, 2 laboratoriyadan ibarətdir. Məktəbə 9 kompyuter dəsti verilmişdir.
Yeri gəlmişkən, məktəblər yeni avadanlıqlarla təhciz edilib, laboratoriyalar müasirləşdirilib, istilik sistemi ilə təmin olunub. İdman zallarına bütün zəruri avadanlıqlaverilib.
 

Keçidlər