Rayon İcra Hakimiyyəti başçısının Güdəcühür kəndində səyyar qəbulu
Martın 6-da Güdəcühür kənd mədəniyyət evində rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Güdəcühür kənd inzibati ərazi dairəsində yaşayan sakinlərlə görüşmüşdür. Tədbirdə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Nazim İsmayılov ölkəmizdə və rayonumuzda görülmüş mühüm quruculuq işlərindən, aqrar sahədə qazanılmış uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır. O bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin səyi ilə respublikamızın hər yerində olduğu kimi, rayonumuzun kəndlərində aqrar sahədə canlanma yaranmışdır. Nazim İsmayılov pambıqçılıq sahəsində görülmüş işlərdən, əldə olunmuş uğurlu nəticələrdən bəhs etməklə yanaşı, yol verilmiş nöqsanlardan da danışmışdır. O qeyd etmişdir ki, Güdəcühür kənd inzibati ərazi dairəsi rayon üzrə pambıq yığımı cədvəlində mövsümü 17-ci pillədə başa vurmuşdur. Acınacaqlı haldır ki, hər hektardan cəmi 9,5 sentner məhsul götürülmüşdür. Növbəti pambıq əkininə də hazırlıq qənaətbəxş deyildir. Nəzərdə tutulduğundan xeyli az müqavilə bağlanmışdır. Burada əkinçiliyə laqeyd münasibət bəslənilir, torpaqdan səmərəli istifadə edilmir. Növbəli əkin sistemi yarıtmaz vəziyyətdədir.
Tədbirdə RİHB-nin Güdəcühür kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İdris Xəlilovun və bələdiyyə sədri Mirməhəmməd Əsgərovun məlumatları dinlənilmişdir.
Yığıncaqda kənd sakinlərindən Nuhbala Babayev, Ağasuvar Hüseynov, Müstəcəb Salmanov çıxış etmişlər.
Nazim İsmayılov qarşıya çıxan çətinliklərin və problemlərin həlli ilə bağlı rayonun əlaqədar təşkilatlarına müvafiq tapşırıqlar vermişdir. O qeyd etmişdir ki, Güdəcühür kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə işlək icra mexanizmi olmalıdır. Qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün hər kəs əlindən gələni əsirgəməməlidir. Gerilikdən nəticə çıxarılmalı, torpaqdan səmərəli istifadə olunmalı, pambıq geniş sahələrdə əkilməlidir. Bunu layiqincə yerinə yetirmək üçün imkan olan yerlərdə kooperasiyalar yaradılmalıdır.