Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Xocalı soyqırımının 26-cı ildönümü anılmışdır

26 fevral 2018 | 16:00

Xocalı soyqırımı qurbanlarının xatirəsi fevralın 26-da  Sabirabad şəhərində yerləşən Bayraq Muzeyində keçirilmiş anım mərasimində böyük ehtiram, dərin kədər hissi ilə qeyd edilmişdir. Rayonumuzda məskunlaşmış Xocalı sakinlərinin, idarə-müəssisə rəhbərlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilmiş anım mərasimindən əvvəl Xocalı soyqırımı qurbanlarına həsr olunmuş fotostendlərə baxış keçirilmişdir.

Anım mərasimi faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov mərasim iştirakçıları qarşısında çıxış etmişdir. O qeyd etmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti və hərbi texnikasının köməyi ilə qədim Azərbaycan şəhəri Xocalıya hücum etdilər. Şəhər yandırılaraq yer üzündən silindi. Xocalılar həmin genosid günündə  özlərini əsl qəhrəman kimi aparmış, qeyri-bərabər döyüşdə son damla qanlarınadək igidliklə vuruşmuş, bu şəhərin ölməzlik tarixini yaratmışlar. Bu soyqırım nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini itirmişdir. 487 nəfər şikəst olmuşdur ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. İnsanlara misli görünməmiş əzab-əziyyətlər, işgəncələr verilmişdir.

Uzun müddət müharibə şəraitində güclü düşmənlə üzbəüz mərdliklə vuruşan yerli əhalidən fərqli olaraq hər bir vətəndaşının müdafiəsini təmin etməyə borclu olan respublikanın o zamankı rəhbərliyi tam fəaliyyətsizlik və biganəlik göstərmiş, dünya ictimaiyyətini vaxtında məlumatlandırmamış, eyni zamanda vəzifələrini itirəcəklərindən qorxaraq əsl həqiqəti xalqdan gizlədərək əsas diqqəti hakimiyyət uğrunda mübarizəyə yönəltmişlər.

Hazırda rayonumuzun ərazisində 14 Xocalı ailəsi yaşayır. Dəhşətli faciənin şahidləri indi də o günləri dərin kədər və qəzəb hissi ilə xatırlayırlar.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dövlətinin bütün sülhsevər addımları, təşəbbüsləri, Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı məqsədyönlü siyasət işğal edilmiş torpaqlarımızın azad olunmasına, dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsinə, soydaşlarımızın, o cümlədən xocalıların öz doğma yurd-yuvalarına qayıdacaqlarına böyük ümid verir. Biz bunu aprel döyüşlərində bir daha yəqin etdik.

Xocalı faciəsinin dünyaya çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın böyük səyləri vardır. «Xocalıya ədalət!» kampaniyası bütün dünyaya səs salmışdır. 

Xocalı sakinlərindən “Azərbaycan Bayrağı” ordenli Sərvər Rəcəbov və Şəhla İmanova çıxış edərək həmin hadisələri ürək ağrısı ilə xatırlamışlar.

Sonda Xocalı sakinlərinə maddi yardım göstərilmişdir.

Keçidlər