Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunun Yolçubəyli kəndinə ilk dəfə təbii qaz verilmişdir

17 fevral 2018 | 16:00

Fevralın 17-də Sabirabad rayonunun Yolçubəyli kəndinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Mərasimi giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı açaraq kənd sakinlərini qazın verilməsi münasibətilə təbrik etmiş, rayonun qazlaşdırılması sahəsində görülən işlərdən, ölkə başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır.

Tədbirdə çıxış edən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmış, qeyd etmişdir ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən Birliyin Baş direktoru bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır. 

Çıxış edən Yolçubəyli kənd sakinləri Rəsul Mövsümov, Təranə Mehbalıyeva və Taleh Məstəliyev kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

Yaşayış məntəqəsinə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırıldıqdan sonra rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev yaxınlıqdakı evlərdən birinin mətbəxində olmuş, ev sahiblərini təbrik etmiş, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanmışdır.

Keçidlər