Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci il rayonumuz üçün əlamətdar və uğurlu il olmuşdur

07 fevral 2018 | 16:00

Fevralın 7-də rayon Mədəniyyət Mərkəzində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir. Yığıncağa RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, sahibkarlar, fermerlər, iş adamları, ağsaqqallar, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşdular.

Yığıncaqdan əvvəl tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin şəhərimizin Mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Onlar həmçinin foyedə təşkil olunmuş rayonumuzun sosial-iqtisadi mənzərəsini əks etdirən sərgiyə və fotostendlərə tamaşa etmişlər. Daha sonra rayonumuzda görülmüş işlərdən bəhs edilən videoçarx nümayiş olunmuşdur.

Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, keçən il Respublikamızda olduğu kimi, Sabirabad rayonu üçün də bütün sahələrdə inkişaf dinamikası qorunub saxlanılmış, sosial obyektlərin tikintisi, sənaye və kənd təsərrüfatının inkişafı davam etdirilmişdir. Rayonumuz üçün ötən ilin ən əlamətdar hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il noyabr ayının 28-də rayonumuza növbəti səfəri olmuşdur. Səfər çərçivəsində ölkə başçısı bir sıra müxtəlif təyinatlı obyektlərin təməlqoyma, təqdimat və açılış mərasimlərində iştirak etmişdir. Respublika Prezidentinin rayona səfərindən bir gün əvvəl imzaladığı müvafiq Sərəncama əsasən Sabirabadda yaradılması nəzərdə tutulan sənaye məhəlləsinin təməlinin qoyulması böyük tarixi hadisədir. 20,3 hektar ərazidə salınacaq bu sənaye məhəlləsində bir sıra istehsal, tədarük və emal müəssisələrinin yaradılması, gələcəkdə logistika mərkəzinin fəaliyyət göstərməsi  nəzərdə tutulur. Səfər çərçivəsində möhtərəm Prezidentimizin Mərkəzi Xəstəxana binasında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dediyi «Biz Sabirabad üçün nə lazımdırsa, artıqlaması ilə edirik. Yeni təşəbbüslər də irəli sürülür. Onlardan biri də bu yaxınlarda mənim tərəfimdən irəli sürülüb. Bu təşəbbüs ondan ibarətdir ki, Sabirabadda böyük sənaye məhəlləsi yaradılsın. Bu gün mən o məhəllənin təməlini qoymuşam və əminəm ki, yaxın gələcəkdə Sabirabad böyük sənaye mərkəzinə çevriləcəkdir» sözləri, digər tapşırıq və tövsiyələri hər birimizdə böyük ruh yüksəkliyi yaratmışdır.

Məruzə ətrafında müzakirələrdə Milli Məclisin üzvləri Rüstəm Xəlilov və Elçin Quliyev, rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Heydar Yaqubov, Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı,  I dərəcəli «Əmək» ordenli, Prezident təqaüdçüsü Fatma Hüseynova, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yusif Quliyev, rayon Ziyalılar Cəmiyyətinin sədri Böyükağa Həmidov çıxış etmişlər.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının sektor müdiri İbrahim Mustafayev çıxış edərək dövlət başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu prioritet məqsəd və vəzifələrdən danışmışdır.

Yığıncaqda hesabatla bağlı müvafiq qərar qəbul edilmişdir.

Tədbirdə  rayonun ictimai-siyasi həyatında, aqrar sahənin inkişafında fəal iştirakına görə bir qrup şəxsə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim edilmişdir.

Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur. 

Keçidlər