Şriftin ölçüsü :

Saytın rəngi :

Kəndlərimizin içməli su ilə təchizatı yaxşılaşdırılır

18 dekabr 2017 | 16:00

Dekabrın 18-də Qaralar kəndində bayram əhval-ruhiyyəsi hökm sürürdü. Kənd sakinləri sevinc içərisində idilər. Kəndə içməli su verilməsi münasibətilə tədbir keçirilirdi. Qaralar kənd ümumi orta məktəbinin qarşısında təşkil olunmuş tədbiri giriş sözü ilə  rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq kəndə içməli suyun verilməsi münasibətilə sakinləri təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. O qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Sabirabad da sosial-iqtisadi inkişaf uğurla davam etdirilir. Bu gün kəndə içməli su xəttinin çəkilməsi də həyata keçirilən iqtisadi islahatların tərkib hissəsidir. Bütün bunlar isə əhalinin sosial durumunun yaxşılaşdırılmısı deməkdir. Hazırda rayonumuzun mərkəzi yüksək standartlara cavab verən içməli su ilə təmin edilmişdir. Bu layihə çərçivəsində isə 18 kənd içməli su ilə təchiz olunur.

Nazim İsmayılov eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində həyata keçirilən digər tədbirlərdən, sosial problemlərin həlli istiqamətndə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən də danışmışdır.

«Azərsu» ASC-nin sədr müavini Köçərli Həsənov çıxış edərək kənd sakinlərini təbrik etmiş, içməli su məsələsinin həlli ilə bağlı genişmiqyaslı işlər görüldüyünü bildirmiş və bu işlərin davamlı olduğunu diqqətə çatdırmışdır.

Qaraqaşlı kənd sakini Ələmdar İbrahimov, Surra kənd tam orta məktəbinin direktoru Rəna Mirzəyeva, Qaralar kənd sakini Gülmirzə Məmiyev çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda ölkə Prezidenti cənab İlham Əliyevə kənd sakinləri adından minnətdarlıq məktubu ünvanlanmışdır.

Keçidlər