Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi rayonumuzda böyük ehtiramla anılmışdır

12 dekabr 2017 | 16:00

Dekabrın 12-də türk dünyasının böyük oğlu, müdrik şəxsiyyət, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ili tamam oldu. Həmin gün şəhərimizin Mərkəzi meydanında böyük izdiham var idi. İnsan axınının ardı-arası kəsilmirdi. Sabirabadlılar Azərbaycanın dahi oğlunun xatirəsini yad etmək üçün hüznlü musiqi sədaları altında meydana toplaşırdılar. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, sahibkarlar, fermerlər, ictimaiyyətin nümayəndələri anım mərasimində iştirak edirdilər. Mərasim açıq elan olunduqdan sonra ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı  Nazim İsmayılov çıxış etmişdir. O qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan bir ömür yaşamışdır. O bütün həyatını, qüvvəsini Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə sərf etmişdir. Ulu öndər dövrünün canlı əfsanəsi olmuş, xalqına qırılmaz tellərlə bağlı bir dahi idi. Respublikamıza rəhbər təyin olunduğu 1969-cu ildən başlayaraq ölkəmizdə bütün sahələrdə quruculuq işləri böyük vüsət aldı. Həmin dövrdə o 14 dəfə Sabirabadda olmuş, zəhmət adamları ilə görüşmüş, onların qayğıları ilə maraqlanmışdır.  Rayonda aqrar sahə yüksək sürətlə inkişaf etdirilmişdir. Xalqına xidməti hər şeydən üstün tutan  ulu öndər sovet hakimiyyəti  dövründə də, 1993-cü ilin iyununda xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra da xalqımızın ictimai-siyasi, iqtisadi, mədəni həyatında tərəqqiyə nail olmuşdur. O ölkəmizi parçalanmaq, məhv olmaq təhlükəsindən xilas etdi,  qarşıdurmalara son qoyuldu. Bütün sahələrdə islahatlar aparıldı. Respublikamız gündən-günə inkişaf etməyə başladı. Ulu öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın tarixində yeni səhifə açıldı. Müstəqilliyimizin qorunub möhkəmləndirilməsi, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda həyata keçirilən siyasət dönməz xarakter aldı. Azərbaycanın  memarı və qurucusu Heydər Əliyevin arzuları və ideyaları artıq reallaşmışdır. Onun siyasi kursunun layiqli davamçısı mötərəm Prezidentimiz cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi tərəqqi və inkişaf yolunu uğurla davam etdirir. Azərbaycan gün-gündən çiçəklənir, inkişaf edir, onun beynəlxalq aləmdə nüfuzu artır.

Nə qədər ki, Azərbaycan var, ulu öndər Heydər Əliyevin ideyaları yaşayacaq və ölkəmizi daim irəli aparacaq. Allah ulu öndərə qəni-qəni rəhmət eləsin! Onun ruhu qarşısında baş əyirik. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaq.

Sonra Nazim İsmayılov ümummilli lider Heydər Əliyevin abidəsi önünə rayon İcra Hakimiyyəti adından əklil qoydu. Anım mərasiminin iştirakçıları da ardıcıllıqla  abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzdülər, ulu öndərin xatirəsini dərin ehtiramla yad etdilər.

Mərasimdən sonra şəhərimizdəki Xeyir-Şər evində ehsan verilmiş, ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunmuşdur.

                                                 

                                                                                              

Keçidlər