Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabirabad rayonunun Nizami kəndində quşçuluq fabrikinin fəaliyyəti ilə tanış olub

28 noyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabirabad rayonunun Nizami kəndində “Sabirabad Quşçuluq” MMC-nin əmtəəlik yumurta və quş əti istehsalı fabrikinin fəaliyyəti ilə tanış olub.

Azərbaycanın regionlarının mövcud potensialının daha da inkişaf etdirilməsi, xüsusilə ixracyönümlü və idxalı əvəz edən kənd təsərrüfatı məhsulları istehsalının artırılması, yeni istehsal və emal sahələrinin yaradılması Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə nəzərdə tutulan tədbirlərdən biri də quş əti və yumurta istehsalının sənaye üsulu ilə artırılması, ölkə əhalisinin quşçuluq məhsullarına tələbatının bütövlükdə yerli istehsal hesabına ödənilməsi məqsədilə quşçuluğun kompleks inkişafının təmin edilməsidir. Buna nail olmaq üçün daha çox investorun cəlb edilməsi barədə Prezident İlham Əliyevin yerli icra strukturları qarşısında qoyduğu vəzifələrə uyğun olaraq Sabirabad rayonunun Nizami kəndində quşçuluq müəssisəsi yaradılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, son illər ərzində nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə illik istehsal gücü 60,5 min ton quş əti, 126 milyon ədəd damazlıq və 273 milyon ədəd əmtəəlik yumurta olan 40 quşçuluq təsərrüfatına 133,4 milyon manat dövlətin güzəştli krediti verilib. Fabriklər dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətləri tərəfindən müasir texnologiyalar əsasında istehsal olunmuş avadanlıqla təchiz edilib. Belə layihələrdən biri də “Sabirabad Quşçuluq” MMC tərəfindən yaradılmış müasir əmtəəlik yumurta və quş əti istehsalı fabrikidir. Bu fabrik “Hacıqabul Quşçuluq” MMC-nin törəmə müəssisəsidir.

Bildirildi ki, 1978-ci ildə fəaliyyətə başlamış və respublikada ilk özəlləşdirilmiş quşçuluq fabriki olan “Hacıqabul Quşçuluq” MMC-də hazırda gündə 1 milyon, o cümlədən 970 min ədəd əmtəəlik və 30 min ədəd damazlıq yumurta istehsal edilir. Fabrik tərəfindən bu ilin ötən dövrü ərzində İraqa və Əfqanıstana 5,5 milyon ədəd əmtəəlik yumurta ixrac olunub. İlin sonunadək ixrac həcminin 10 milyon ədədə çatdırılması nəzərdə tutulub. İxrac coğrafiyası genişləndirilərək Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Belarusa 4,5 milyon ədəd əmtəəlik yumurta ixracı planlaşdırılır.

Qeyd olundu ki, fabrikin ərazisində 10 ferma binası, hər birinin tutumu 2,5 min ton olan 6 silos və gücü saatda 5 ton olan yem zavodu tikilib. Müəssisənin inşasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1 milyon manat güzəştli kredit və təşviqi sənəd verilib. Fabrikdə ildə 109 milyon ədəd əmtəəlik yumurta, 1,4 min ton quş əti və 750 min baş ətlik kənd toyuğunun istehsalı nəzərdə tutulub. İstehsal olunan əmtəəlik yumurta və quş əti “Sabirabad Quşçuluq” brendi ilə istehlakçılara təqdim ediləcək. Layihənin icrası nəticəsində 150 nəfər daimi iş yeri ilə təmin olunacaq.

Keçidlər