Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda müharibə veteranı Zülfəli Əliyevin 90 illik yubileyi qeyd olunmuşdur

02 iyun 2012 | 15:00

Tədbirdən öncə səfər Ulu öndərin abidəsini və Şəhidlər Xiyabanını ziyarət etmişdir. Yubiley münasibətilə Sabirabad şəhər Mədəniyyət evinə toplaşmış 500 nəfərdən çox içtimaiyyətin nümayəndəsi müharibə veteranı Zülfəli Əliyevin 90 illik yubileyində iştirak etməyə gələn Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçi alqışlarla qarşıladılar.
Tədbirdə Zülfəli Əliyevin keçdiyi şərəfli həyat yolundan danışıldı. O, 1922-ci ilin iyun ayının 1-də, yəni 90 il əvvəl Sabirabad rayonunun Qaralar kəndində anadan olmuşdur. 1942-ci ilin yanvar ayında o da əsgər paltarı geyinərək Vətənin müsəllah əsgərinə çevrilmişdir. Yenicə yaradılmış 223-cü atıcı diviziyanın sıravi döyüşçülərindən olmuşdur.
223-cü diviziya 30 ay ərzində 5 min klometrdən çox döyüş yolu keçmişdir. Diviziya öz döyüş yolunda 50-dən artıq çay aşmış, düşmənin 45000 nəfər döyüşçüsünü məhv etmiş, 4350 nəfərini isə əsir almışdır. Bu, 10 alman diviziyasının şəxsi heyəti deməkdir. Əfsanəvi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə də 223-cü diviziyanın döyüşçüsü olmuşdur. Göstərdiyi döyüş hünərinə görə Azərbaycanın 223-cü diviziyasına Belqrad diviziyası adı verilmişdir. Diviziyanın zəfər yürüşündə Zülfəli Əliyevin zəhmət payı böyük olmuşdur. O, 2 orden və 9 medalla təltif edilmişdir.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qonaqları salamlayaraq Z.Əliyevin yubileyində iştiraklarına görə onlara razılığını bildirdi. O, Böyük Vətən Müharibəsi illərində azərbaycanlıların, o cümlədən sabirabadlıların hünərindən, onların göstərdiyi qəhrəmanlıqlardan və Zülfəli Əliyevin keçdiyi döyüş yolundan danışdı. İcra başçısı onun indi də rayonun içtimai-siyasi həyatında fəal iştirak etdiyini xüsusi vurğuladı və yubiliyara xalça hədiyyə etdi.
Tədbirdə çıxış edən Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviç dedi ki, mən Zülfəli Əliyev kimi mərd-mübariz döyüşçülərin alman-faşistlərindən azad etdiyi bir şəhərdə-Serbiyada doğulmuşam. Mən ona minnətdaram və qarşısında baş əyirəm.
Məktəblilər onu ingilist və rus dillərində şerlərlə salamladılar. Bir ağızdan «Biz sülh istəyirik!», «Müharibə istəmirik!» dedilər. Ona qucaq dolusu gül dəstələri verdilər. 90 yaşlı veteranın yubileyini təbrikə gələnlər də ona qiymətli hədiyyələr bağışladılar.
Tədbirdə çıxış edən Z.Əliyev onun timsalında veteranlara göstərilən bu diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. Onun ad gününə gəldiyinə görə Serbiyanın ölkəmizdəki səfərinə təşəkkür etdi. O, 1995-ci ilin aprelin 7-də Qələbənin 50 illiyi ilə əlaqədar Heydər Əliyevin müharibə veteranları ilə keçirdiyi görüşdə iştirak və çıxış etdiyindən, 1995-ci ildə 9 may Qələbə günü münasibətilə Ulu öndər və 2005-ci ildə isə Prezidentimiz İlham Əliyev ilə Moskvada keçirilən hərbi paradın iştirakçısı olduğundan həvəslə danışdı.
Tədbir boyu yubiliyarın döyüş yoluna həsr edilmiş «Xəzərdən Dunaya» sənədli filmindən parçalar nümayiş edildi, Vətənə və qəhrəmanlığa dair mahnılar ifa olundu.
 

Keçidlər