Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan İntellektual Birincisi” Mərkəzi Aran rayonları üzrə Sabirabadda regional turnir keçirmişdir

25 noyabr 2017 | 16:00

Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə artıq ikinci ildir ki, reallaşdırılan “Azərbaycanın İntellektual Birincisi” layihəsi çərçivəsində noyabrın 25-də Mərkəzi Aran rayonları üzrə Sabirabadda regional turnir keçirilmişdir.

“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap”, “Vətəni tanı” mövzularında təşkil olunan yarışlarda Şirvan şəhəri, Hacıqabul, Salyan, Heftçala, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Kürdəmir rayonlarının hər birindən 18 gənc olmaqla ümumilikdə 162 gənc  iştirak etmişdir.

Sabirabad Gənclər Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov tədbirdə çıxış edərək “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən layihənin ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüs olduğunu, layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70 rayondan 1400 gəncin iştirakının nəzərdə tutulduğunu, hər rayonun 18 nəfərlik komanda ilə çıxış edəcəyini qeyd etmişdir.

Çıxış edən Sabirabad rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev vurğulamışdır ki, gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazalarının genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.

Sonra yarışlara start verilmişdir. Yekunda “Xəmsə” və “Nə? Harada? Nə zaman?”oyunları üzrə Saatlı rayonunun komandası  I yerə, “Axtar tap” oyunları üzrə Kürdəmir rayonunun komandası I yerə, “Vətəni tanı” oyunları üzrə isə Sabirabad rayonunun komandası I yerə layiq görülmüşlər.

Qalib komandalara diplomlar təqdim olunmuşdur. Bu komandalar “Azərbaycanın İntellektual Birincisi” layihəsinin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan və Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.

Keçidlər