Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri Sabirabad rayonunun Ulacalı kəndində olmuşlar
Sabirabad rayonuna səfər çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən Sabirabad rayonunun Ulacalı kəndi ərazisində salınmış yeni qəsəbədə yaşayan sakinlərlə görüşmüşlər.
Görüşdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun gördüyü işlər, həyata keçirilən layihələr barədə məlumat vermiş, hər bir vətəndaşı, xüsusilə gəncləri “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətində yaxından iştiraka dəvət etmişdir.
Öz növbəsində, qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
“Regional İnkişaf” İctimai Birliyinə rayon sakinlərindən yaşayış evlərinə dövlət reyestrindən çıxarışların verilməsi ilə bağlı daxil olmuş kollektiv müraciət əsasında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə Ulacalı kəndinin ərazisində yeni salınmış qəsəbədə və ətraf yaşayış məntəqələrində dövlət vəsaiti hesabına 436 fərdi yaşayış evindən ilkin mərhələdə 105 evə dövlət reyestrindən çıxarış hazırlanaraq təqdim edilmişdir. Eyni zamanda, müraciət edən və sənədlərində hər hansı çatışmazlıq olan vətəndaşlara komitə tərəfindən bilavasitə yerində hüquqi xidmətlər göstərilmiş, onlara çatışmayan sənədlərin haradan və necə alınması barədə ətraflı izahat verilmişdir. “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sözügedən qəsəbədə qaz təchizatı olmayan 36 evə təbii qaz xətti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən isə elektrik təchizatı olmayan 9 evə elektrik xətti çəkilmiş və sayğaclar quraşdırılmışdır.