Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birinci konfransı keçirilmişdir

27 oktyabr 2017 | 16:00

Oktyabrın 27-də Sabirabad rayonunda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birinci konfransı keçirilmişdir. Konfransda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Fuad Muradov, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, müxtəlif regionların, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

Konfransdan əvvəl Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Fuad Muradov Ümummilli Lider Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın konfrans iştirakçılarına təbrik məktubu oxumuşdur. Məktubda bildirilir ki, bu gün Azərbaycan müstəqil siyasət yürüdən, beynəlxalq aləmdə ciddi mövqe qazanan qüdrətli dövlətdir. Ölkəmizin bütün şəhər və rayonlarında abadlıq-quruculuq işləri aparılır, yeni təhsil və tibb müəssisələri inşa edilir, infrastruktur layihələri həyata keçirilir. Heydər Əliyev Fondu da yarandığı ilk gündən ictimai həyatın, demək olar ki, bütün sahələrində fəal iştirak edərək əhalinin müxtəlif problemlərinin həllinə çalışır. Bizim həyata keçirdiyimiz hər bir layihə, ilk növbədə, vətəndaşların maraqlarını qorumağa, köməyə ehtiyacı olan insanlara yardım etməyə yönəlib. “Regional İnkişaf” İctimai Birliyini təsis edərkən əsas məqsədimiz dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarlar və yerli əhali arasında konstruktiv əməkdaşlıq modeli yaradaraq insanları narahat edən problemlərin aradan qaldırılmasına nail olmaq idi. Düşünürəm ki, biz bunu bacardıq. Regionlarda ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatını əhatə edən mühüm layihələrin reallaşdırılması istiqamətində uğurlu nəticələr əldə edilmişdir. “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüslərinə qoşularaq layihələrin icrasında xüsusi fəallıq göstərən könüllülərin fəaliyyətini qeyd etmək istəyirəm. Siz, Azərbaycan gəncləri olaraq, dövlətin sizə göstərdiyi yüksək diqqət və qayğıya layiqincə cavab verərək ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilmisiniz. Amma qarşıda sizi yeni hədəflər, yeni vəzifələr gözləyir. Hər birinizə bu şərəfli və xeyirxah, eyni zamanda, məsuliyyətli işinizdə müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, konfransda aparılacaq geniş və səmərəli müzakirələr gələcək fəaliyyətinizdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir.

Heydər Əliyev Fondunun fəaliyyətindən danışan Anar Ələkbərov qeyd etmişdir ki, Fond yarandığı ilk gündən humanizm və insansevərlik ideallarına arxalanaraq xalqımıza xidməti özünün başlıca məqsədi kimi müəyyən etmiş, hər zaman fəaliyyətində cəmiyyətimizin daha çox qayğıya ehtiyacı olan təbəqələrinə - valideyn himayəsindən məhrum olmuş uşaqlara, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, qocalara və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yönələn layihə və proqramların icrasını ön plana çəkmişdir. “Regional İnkişaf” İctimai Birliyinin əsas fəaliyyəti isə bölgələrdə yaşayan vətəndaşların üzləşdiyi problemlərin, yerli əhalini kompleks şəkildə narahat edən məsələlərin aradan qaldırılmasına yönəlmişdir.

Anar Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsinin nəinki bölgələrin, ümumiyyətlə, bütün Azərbaycanın inkişafına təsir etdiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyduğunu vurğulamışdır.

 Birliyin fəaliyyət dövrü ərzində vətəndaşlardan daxil olan müraciətlərə həssaslıqla yanaşaraq əməkdaşlığa daim hazır olan strukturlara təşəkkürünü bildirən Anar Ələkbərov vətəndaşların müraciətlərinə lazımi diqqət göstərməyən qurumlarla da rastlaşdıqlarını təəssüflə qeyd etmişdir.

Təşkilatın fəaliyyətində “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin rolunu xüsusi qeyd edən Anar Ələkbərov onların İctimai Birliyin bütün tədbirlərində fəal iştirak etdiyini, hazırda 350-dən çox könüllü korpusunun olduğunu diqqətə çatdırmışdır. Könüllülərin idman tədbirlərində, marafonlarda, xeyriyyə aksiyalarında, ekoloji layihələrdə, xüsusilə də ağacəkmə kampaniyalarında yaxından iştirakı təqdirəlayiqdir.

Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir. Filmdə RİİB-in yaradılması, regionlarda vətəndaşlarla görüşlər, müraciətlərin qəbulu, müxtəlif sahələri əhatə edən layihələrin həyata keçirilməsi, “Regional İnkişaf” İctimai Birliyində könüllülük fəaliyyəti ilə bağlı görülən işlər öz əksini tapmışdır.

Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycana Birgə Yardım təşkilatının (UAFA Azərbaycan) təsisçisi Qvendolin Börçell “Regional İnkişaf” İctimai Birliyi ilə UAFA Azərbaycanla həyata keçirilən birgə layihələr barədə məlumat vermişdir. O qeyd etmişdir ki, “Regional İnkişaf” İctimai Birliyi və Böyük Britaniyanın Azərbaycana Birgə Yardım təşkilatı arasında əməkdaşlıq haqqında imzalanan Memorandum çərçivəsində UAFA nümayəndələri Biləsuvar və Cəlilabad rayonlarında 300-dən çox aztəminatlı və sosial dəstəyə ehtiyacı olan ailədə görüşlər keçirilmiş, onlara müxtəlif dövlət qurumlarının xidmətlərindən istifadəsinin genişləndirilməsi, ailə sahibkarlığının, davamlı kənd təsərrüfatı imkanlarının inkişaf etdirilməsi, müasir metodologiyalardan istifadə etməklə uşaqlara səhiyyə, təhsil, habelə sosial xidmətlər şəbəkəsinin gücləndirilməsi istiqamətində təşkilati və hüquqi yardım göstərilmişdir. Qvendolin Börçell birgə layihələrin gələcəkdə də davamında maraqlı olduqlarını qeyd etmişdir.

“Regional İnkişaf” İctimai Birliyinin könüllülərlə iş, layihələr və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qənbərov konfrans iştirakçılarına “Regional İnkişaf” İctimai Birliyinin gələcəkdəki sosial layihələri barədə məlumat vermişdir.

Konfransda “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri adından çıxış edən Gülpəri Kərimli İctimai Birliyin gənclərin könüllülük fəaliyyətinə cəlb olunmasına və onların ölkə üzrə şəbəkələşməsinə böyük əhəmiyyət verdiyini, bu məqsədlə müxtəlif layihələr və proqramlar həyata keçirildiyini, bir sıra tədbirlərdə könüllülərin kütləvi iştirakının təmin edildiyini diqqətə çatdırmışdır.

Tədbirdə çıxış edən Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov Prezident cənab İlham Əliyevin rəhbərliyi altında gənclər və idman sahəsində, regionların sosial-iqtisadi inkişafında əldə olunan nailiyyətlərdən danışmışdır. Fuad Muradov “Regional İnkişaf” İctimai Birliyinin yaradılmasının regionların həyatında mühüm hadisə olduğunu xüsusi vurğulamışdır. “Regional İnkişaf” İctimai Birliyinin regionlarda ictimai nəzarətin həyata keçirilməsində, region sakinləri ilə dövlət və bələdiyyə orqanları arasında dialoqun inkişaf etdirilməsində göstərdiyi təşəbbüslərə diqqət çəkən komitə sədri təşkilatın vətəndaşların sosial problemlərinin araşdırılması və həllinə dəstək istiqamətində göstərdiyi fəaliyyəti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun gördüyü xoşməramlı işlərin davamı kimi dəyərləndirmişdir.

Daha sonra Anar Ələkbərov və Fuad Muradov tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətində, eləcə də “Gəncə Marafonu-2017”də fəal iştirak edən könüllülərə təşəkkürnamələr verilmişdir.

Konfransda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

Konfrans işini panel iclaslarla davam etdirmişdir. Tədbir çərçivəsində Anar Ələkbərov və Fuad Muradovun “Regional İnkişaf” İctimai Birliyinin region nümayəndələri ilə görüşü olmuş, ölkəmizin sosial həyatında gənclərin ictimai fəallığının artırılması, onların könüllü işinə cəlb edilməsi, kütləvi tədbirlərdə iştirak, vətəndaşlarla iş, yeni layihələrin irəli sürülməsində təşəbbüskarlıq və digər istiqamətlərdə müzakirələr aparılmışdır.

Keçidlər