Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

12 oktyabr 2017 | 16:00

Oktyabrın 12-də rayon İcra Hakimiyyətinin iclas zalında cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncağa RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyətin nümayəndələri dəvət edilmişdilər.

Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzəçi oktyabrın 9-da keçirilmiş Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqində əks olunan məsələləri bir daha diqqətə çatdırmış, qarşıya qoyulan vəzifələri şərh etmişdir. Bildirmişdir ki, ölkə Prezidenti iclasda iqtisadi sahədə qazanılan nailiyyətləri, məktəb, səhiyyə obyektlərinin tikintisini, əsaslı təmir olunmasını, yol infrastrukturunun yenilənməsini, su layihələrinin həyata keçirilməsinin davam etdirildiyini diqqətə çatdırmışdır. Ölkə başçısı regionlarda  sənaye zonalarının, aqroparkların yaradılmasının vacibliyini önə çəkməklə əsas diqqəti kənd təsərrüfatının ayrı-ayrı sahələrinin-pambıqçılığın, baramaçılığın, taxılçılığın, heyvandarlığın və digərlərinin inkişafına yönəltmişdir. Yeni istehsal və emal müəssisələrinin yaradılması, əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı tədbirlərin görülməsi barədə icra strukturları qarşısında mühüm vəzifələr qoymuş və tapşırıqlar vermişdir.

Nazim İsmayılov sonra cari ilin 9 ayında rayonda görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd etmişdir ki, respublikada olduğu kimi, ötən müddət ərzində rayonda iqtisadiyyatın bütün sahələrində yüksək nəticələr əldə edilmişdir.

Sabir parkında yenidənqurma işləri aparılmış və fəvvarə quraşdırılmışdır. Heydər Əliyev prospektində Bayraq muzeyi tikilmişdir. Bayraq Meydanı genişləndirilərək ərazisi 2 hektara çatdırılmış və burada aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 km olan Suqovuşan -  Məmişlər – Qaralar – Qəfərli – Əhmədabad – Nərimankənd – Həşimxanlı avtomobil yolunun tikintisi başa çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2017-ci il 3045 saylı Sərəncamı ilə 15 kənd yaşayış məntəqəsini birləşdirən, uzunluğu 60 km olan Qalağayın – Osmanlı – Çöl Beşdəli – Zalqaraağac – Çöl Ağaməmmədli – Azadkənd – Muğan Gəncəli avtomobil yolunun tikintisi davam etdirilir.

Rayonda da bu sahədə xeyli işlər görülmüşdür. Cari ildə 7500 hektar «MKT İK» MMC Sabirabad rayon filialı, 4512 hektar «Azərpambıq» MMC, 930 hektar «Kənd təsərrüfatı» MMC, 66 hektar «Şamo» MMC tərəfindən və 2047 hektar isə fərdi qaydada əkilmişdir. Ümumilikdə 15 min 55 hektar sahədə pambıq əkini aparılmışdır. Pambıq sahələrində həyata keçirilən aqrotexniki tədbirlər nəticəsində bol məhsul yetişdirilmişdir. Bu günə kimi 8 min tondan yuxarı xam pambıq tədarük edilmişdir ki, bu da ötən illə müqayisədə xeyli çoxdur. Hazırda pambıq yığımı uğurla davam etdirilir. «MKT İK» MMC Sabirabad rayon filialının rayonun Axtaçı Muğan kəndində yerləşən emal müəssisəsinin fəaliyyəti gücləndirilmişdir. Şirkət tərəfindən Moranlı və Qaratəpə kəndlərində, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən isə Qaralar kəndi ərazisində pambıq qəbulu məntəqələri tikilib istifadəyə verilmiş və hazırda həmin məntəqələrdə xam pambığın tədarükünə başlanılmışdır.

Cari ildə 24620 hektar taxıl sahəsində biçin aparılmış və 95720 ton taxıl istehsal edilmişdir ki, bunun 57319 tonu buğda, 38401 tonu isə arpa olmuşdur. Hər hektardan ümumi məhsuldarlıq 38,9 sentner, buğdanın məhsuldarlığı isə hər hektardan 40,3 sentner olmuşdur. Ötən illə müqayisədə taxıl istehsalı 258 ton, məhsuldarlıq isə 0,9 sentner çoxdur.

2018-ci ilin məhsulu üçün payızlıq əkinə başlanılmışdır. Artıq 568 hektar sahədə arpa, 388 hektar sahədə isə təzə yonca əkilmişdir.

Pambıqçılıq və taxılçılıqla yanaşı baramaçılıq kimi çox vacib olan kənd təsərrüfatı sahəsi də inkişaf etdirilir. Cari ildə 5 tona qarşı 5 ton 34 kq barama istehsal olunmuşdur. Görülmüş tədbirlər nəticəsində yaxın gələcəkdə rayonda da barama istehsalı xeyli artacaqdır.

Rayonda heyvandarlığın müasir texnologiyalar əsasında inkişaf etdirilməsi sahəsində müəyyən tədbirlər həyata keçirilir. İribuynuzlu mal-qaranın sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1694 baş artaraq 119803 baş, xırdabuynuzlu mal-qaranın sayı isə 4987 baş artaraq 220330 baş olmuşdur.

Nizami kəndi ərazisində hər biri ildə 75 milyon ədəd yumurta, 600 ton quş əti istehsal edəcək və 150 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulan «Sabirabad quşçuluq» və «Muğan quşçuluq» fabriklərinin tikintisi aparılır. «Sabirabad quşçuluq» fabrikinin tikintisi başa çatmaq üzrədir və yaxın günlərdə istifadəyə veriləcəkdir.

Dövlət başçısının tapşırığına əsasən rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Əliləmbəyli və dtgər kəndlərin suvarma təminatının yaxşılaşdırılması üçün mənbəyi Kür çayından olmaqla uzunluğu 27 km olan «H» kanalının çəkilməsinə başlanılmış və birinci mərhələdə 7,8 km uzunluqda kanal istifadəyə verilmişdir. Kanalın qalan 19,2 km-lik hissəsinin çəkilişi ilə bağlı tədbirlər görülür. Tikintinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur. Layihənin tam başa çatdırılması 11 min 498 hektar sahənin su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaqdır.

«Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması» layihəsinin icrasına başlanılmış (13866 ha) və həmin ərazidə «Aqropark» yaradılması nəzərdə tutulmuşdur.

Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilir. Rayon mərkəzi daxil olmaqla bir sıra yaşayış məntəqələrində, elektrik təsərrüfatında yenidənqurma işləri aparılmış, yarımstansiyalar yenidən qurulmaqla istismara yararsız dayaqlar yenisi ilə əvəz olunmuş, «SİP» kabel çəkilməklə və «SMART» kart tipli sayğaclar quraşdırılaraq elektrik təsərrüfatında yenidənqurma işləri aparılır. Hazırda 5 kənddə bu işlərə başlanılmışdır.

Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin səviyyəsinin və təlim-tərbiyənin yüksəldilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Buraxılış imtahanlarının nəticələri də əvvəlki ilə nisbətən yüksəlmişdir. Bu il 328 məzun ali məktəblərə qəbul olunmuşdur. Onlardan 17 nəfəri 600-dən, 36 nəfəri 500-dən çox bal toplamışdır. 691 balla Azərbaycan Diplomatiya Akademiyasına daxil olan Nəsimi kənd tam orta məktəbinin məzunu Yadulla Həsənli Prezident təqaüdünə layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Mikayıl Müşfiq adına 4 saylı şəhər tam orta məktəbinin tarix müəllimi Solmaz Zeynalova «Tərəqqi» medalı ilə təltif edilmişdir.

Təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə məktəb tikintisi, məktəblərdə əsaslı və cari təmir işlərinin aparılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Cari ildə Qəfərli kəndində 40 şagird yerlik modul tipli məktəb inşa edilmişdir. 360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəbində tikinti, 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbində isə əsaslı təmir işlərinə başlanılmışdır. Surra, Qaralar kənd tam, Kürkəndi kənd ümumi orta və Şahmat məktəblərində cari təmir işləri aparılmışdır.

Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə rayonda bir sıra işlər görülür. 205 çarpayılıq xəstəxana binasının tikintisi yekunlaşmaq üzrədir. Son illər rayonun Bulaqlı, Qardaşkənd, Zalqaraağac, Güdəcühür, Cəngan və Əsədli kəndlərində tibb, Məmişlər kəndində isə həkim məntəqələri tikilib istifadəyə verilmişdir. Cari ildə Qaralı kəndində tibb məntəqəsi tikilmişdir. Şıx Salahlı kənd həkim, Çöl Dəllək, Çöl Ağaməmmədli kənd tibb məntəqələrində və MRX-nin yoluxucu xəstəliklər şöbəsində əsaslı təmir işləri aparılmışdır. Yeni inventar, avadanlıqlar alınaraq tibb müəssisələrinə paylanılmışdır.

Məruzə ətrafında rayon Elektrik şəbəkəsinin rəisi Ziyafət Həsənov, rayon Meliorasiya idarəsinin rəisi Alim Mürşüdov, Sabirabad Regional «ASAN Xidmət» Mərkəzinin direktoru Elvin Cəfərov çıxış edərək rəhbərlik etdikləri sahələrin fəaliyyəti barədə məlumat vermişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov iclasa yekun vuraraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün qüvvələrin səfərbərliyə alınacağını bildirmişdir.

Keçidlər