Sabirabad müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir
Sabirabad rayon Heydər Əliyev Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə tər güllər düzmüşlər.
İştirakçılar əvvəlcə Mərkəzin foyesində uşaqların əl işlərindən ibarət sərgiyə baxmışlar.
Dövlət himni səsləndirildikdən sonra konfrans öz işinə başlamışdır.
Konfransda rayon təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev “2016-2017-ci dərs ilinin yekunları və cari dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir. Natiq hazırda rayonda 65 tam orta, 15 ümumi orta və 5 ibtidai məktəbin fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, son illərdə rayonda 19 yeni məktəb tikilmiş, 16 məktəb isə əsaslı təmir olunmuşdur. Məktəblərin maddi-texniki təminatı xeyli yaxşılaşdırılmışdır. Görülən tədbirlərin, aparılan məqsədəyönlü işlərin nəticəsidir ki, təhsil sahəsində uğurlarımız çoxalır. 2017-ci ildə məktəbi bitirən məzunlarımızdan 325 nəfər ali məktəblərə qəbul olunub ki, onlardan 17 nəfəri 600-dən, 37 nəfəri isə 500-dən yüksək bal toplayıb. Nəsimi kənd tam orta məktəbin iki məzunu- Yadulla Həsənli və Cəbrayıl Hüseynov müvafiq olaraq 691 və 690 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşlər.
Məruzə ətrafında Nəsimi kənd tam orta məktəbin biologiya müəllimi Yaqut Qurbanova, Qaratəpə kənd tam orta məktəbin direktoru Gülnar Hüseynova, Nəriman Nərimanov adına 2 saylı məktəb-liseyin riyaziyyat müəllimi Mahir Abdullayev, 7 saylı Sabirabad şəhər tam orta məktəbinə yeni təyinat almış riyaziyyat müəllimi Pərviz Sultanov, Nəsimi kənd tam orta məktəbinin məzunu, ali məktəbə qəbul zamanı 691 bal toplayan, Prezident təqaüdcüsü Yadulla Həsənli çıxış etmişlər.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Akif Abbasov müstəqillik dönəmində respublika təhsilində əldə edilən uğurlardan danışaraq qarşıda duran vəzifələri konfrans iştirakçılarının nəzərinə çatdırmışdır.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov rayonun pedaqoji kollektivinə yeni dərs ilində uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, dövlət tərəfindən təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, respublikamızda, o cümlədən rayonumuzda təhsil inkişaf edir. N.İsmayılov vurğulamışdır ki, şagirdlərimizin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması müəllimlərimizdən çox asılıdır. Bu baxımdan məktəblərin, təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşür.
Fəal müəllimlərdən bir qrupuna və yüksək nəticələr göstərərək ali məktəblərə qəbul olunan tələbələrə Sabirabad rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri verilmişdir.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.