Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri verilmişdir
Sabirabad rayonunun Qalağayın, Qaragüney və Qəzli kəndlərinin sakinləri- Qarabağ müharibəsi əlilləri Şərif Əzizov, İxtiyar Əsədov və Sərkar İsmayılova fərdi yaşayış evləri verilmişdir.
Qarabağ əlillərinə fərdi yaşayış evlərinin verilməsi ilə əlaqədar keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə çıxış etmişdir. O bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev daim bu kateqoriyadan olan insanların və digər imtiyazlı şəxslərin qayğısına qalmışdır. Hazırda bu ənənə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin, müharibə əlillərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür. Qarabağ müharibəsi əlillərinə fərdi evlərin tikilməsi də bu sıradadır. Bu gün möhtərəm Prezidentimizin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə inşa edilmiş fərdi yaşayış evləri Qarabağ müharibəsi əlillərinə verilir. Biz bu kimi işləri bundan sonra da davam etdirəcəyik.
Qarabağ müharibəsi əlilləri çıxış edərək göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Həsənov tədbirdə iştirak etmişdir.