Veteranlarla görüş
Böyük Vətən Müharibəsində alman-faşizm üzərində tarixi qələbənin 67-ci ildönümü münasibətilə Sabirabad rayonunda veteranlarla görüş keçirilmişdir.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov veteranları salamlayaraq xatırlatdı ki, bu müharibədə 650 mindən çox həmyerlimizdən 300 minə yaxını döyüşlərdə həlak olmüş, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adı almış, 170 mindən çoxu orden və medallara layiq görülmüşdür. Bu amansız müharibədə böyük rəşadət göstərdiklərinə görə 3 min nəfərdən çox sabirabadlı da orden və medallarla təltif olunmuşdur.
İcra Başçısı vurğuladı ki, 1992-ci ildə hakimiyyətdə olanlar həmyerlilərimizin Böyük Vətən Müharibəsində göstərdikləri qəhrəmanlıqları unutdurmağa çalışmışlar. Hətta 9 mayın Qələbə günü kimi qeyd olunması qadağan edilmişdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı bir çox sahələrdə olduğu kimi, müharibə veteranlarına bəslənən ögəy münasibətə də son qoydu. Veteranlar yenə də hörmət və ehtiram, qayğı ilə əhatə olundular. Natiq ölkə Prezidenti cənab İlham Əliyevin bu qrupdan olan insanlara davamlı qayğısından da ətraflı danışdı.
Tədbirdə Səfərbəylik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi vəzifəsinin icraçısı Fuad Allahverdiyev, YAP rayon təşkilatının sədri Nadir Quliyev, Qarabağ müharibəsi veteranları birliyinin sədri Faiq Hüseynov çıxış edərək gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında veteranların üzərinə böyük iş düşdüyündən danışdılar və onları Qələbə bayramı münasibətilə təbrik etdilər.
Sonda veteranlar adından çıxış edən rayon Veteranlar Şurasının sədri Zülfəli Əliyev onlara göstərilən daimi qayğıya görə ölkə Prezidentinə minnətdarlığını bildirdi və rayon rəhbərliyinə də öz razılığını ifadə etdi.
Axırda müharibə veteranlarına maddi yardım göstərildi.