Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və İdman Naziri Azad Rəhimov Sabirabadda vətəndaşları qəbul etmişdir

07 iyun 2017 | 16:00

İyunun 7-də Gənclər və İdman naziri cənab Azad Rəhimov Heydər Əliyev Mərkəzində Hacıqabul, Neftçala, Saatlı, Salyan, Sabirabad rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul etmişdir.
Tədbirdən öncə Gənclər və İdman naziri Azad Rəhimov, rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov şəhərimizin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Qəbul zamanı 20 nəfərdən çox sakinin müraciəti dinlənilmişdir. Müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və işlə təminatla əlaqədar olmuşdur. İdman sahəsi ilə bağlı müraciətlər fəxri adların verilməsi, idman mərkəzlərinin avadanlıqlarla təmin edilməsi, təmirə ehtiyacı olan idman obyektlərinin bərpası, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. məsələlərlə bağlı olmuşdur. Gənclər sahəsində isə qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin olunması və fəaliyyəti kimi müraciətlər qeydə alınmışdır.
Bir sıra müraciətlər yerindəcə həllini tapmışdır. Araşdırılması tələb olunan məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülmüşdür.

Keçidlər