Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Çernobol əlillərinə xüsusi diqqət göstərilir

27 aprel 2012 | 15:00

Sabirabad rayonunda Çernobol faciəsinin 26-ci ildönümü münasibətilə onların iştirakı ilə tədbir keçirildi. Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək bildirdi ki, dünyanın ən dəhşətli qəzası olan Çernobol faciəsindən 26 il keçməsinə baxmayaraq bu qəzanın fəsadları hələ də qalmaqdadır. Həmin dövrdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov hər vəchlə qəzanın ağır nəticələrini xalqdan gizlətməyə çalışırdı. Ümummilli liderimiz Heydər Əliyev Siyasi Büronun yeganə üzvü idi ki, faciənin gizlədilməsinə qarşı çıxdı və baş vermiş hadisənin xalqa doğru-dürüst çatdırılmasını təkid etdi.
Qeyd olundu ki, Çernobol qəzasının nəticələri Azərbaycandan da yan keçməmişdir. Qəzanın nəticələrinin aradan qaldırılmasında 7 mindən çox həmvətənimiz iştirak etmiş, Sabirabaddan da bu iş üçün yüz nəfərdən çox adam səfərbər olunmuşdu. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev Çernobolda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən Azərbaycan vətəndaşlarının statusu haqqında sənəd imzalamaqla bu kateqoriyadan olan insanlara diqqət və qayğısını bir daha nümayiş etdirdi. Bu qayğı və bu diqqət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılıb, onların sosial müdafəisi gücləndirilib.
Çernobol əlillərindən Əzizağa Quliyev, Ədalət Rəhimov və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Onlara hassalıqla yanaşdığına görə rayon rəhbərliyinə də razılıqlarını ifadə etdilər.
Tədbirdə həmçinin xidmət təşkilatları rəhbərlərinin məlumatları da dinlənildi və onlara əlillərin qaldıqları məsələlərin ən qısa müddətdə həlli tapşırıldı.
Axırda Çernobol əlillərinə maddi yardım göstərildi.

Keçidlər