Çernobıl qəzasından 31 il ötdü
Aprelin 26-da YAP Sabirabad rayon təşkilatının inzibati binasında Çernobıl qəzasının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açdıqdan sonra Çernobıl faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Həsən Həsənov qeyd etmişdir ki, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında baş verən güclü partlayış nəinki həmin bölgəni, habelə dünyanın bir sıra ölkəsini böyük fəlakətə düçar etdi. Minlərlə adam həlak oldu. Digərləri sağalmaz xəstəliklərə tutuldu. Həmin dəhşətli gündən 31 il ötməsinə baxmayaraq Çernobıl faciəsinin ağrıları hələ də qalmaqdadır. Çernobıl faciəsinin fəsadlarının aradan qaldırılmasında minlərlə azərbaycanlı da iştirak etmişdir. Onlardan xeyli hissəsi həlak olmuşdur. Fəlakət baş verən zaman səfərbər edilənlər arasında xeyli sayda sabirabadlı da olmuşdur. Onların hünərini igidlik və qəhrəmanlıq kimi dəyərləndirən natiq təəssüflə bildirmişdir ki, bu fədakar insanların çoxu dünyasını dəyişmiş, sağ qalanlar isə güclü şüalanmadan hələ də əziyyət çəkirlər. Çernobıl qəzasının vurduğu ziyan onların övladlarına da sirayət etmişdir. Həmin hadisə baş verən zaman SSRİ hökumətinin rəhbərlərindən biri olan ulu öndər Heydər Əliyev təcili olaraq hadisə yerinə getmiş, qəzanın yayılma əhatəsini özü müşahidə etmiş, onun nəticələrinin ləğvi prosesində bilavasitə iştirak etmişdir. Ümummilli lider 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Çernobıl qəzası iştirakçılarının hüquqlarının müdafiə olunmasına xüsusi önəm vermişdir. Onun bilavasitə rəhbərliyi altında «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» qanun qəbul olunmuşdur. Onlara pensiya və müavinətlər təyin edilmişdir. Hər il aprelin 26-da Çernobıl faciəsi qurbanlarının xatirəsi ehtiramla anılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirərək Çernobıl qəzası iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər həyata keçirir.
Natiq daha sonra bildirmişdir ki, Çernobıl qəzası iştirakçıları rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirak edir, dövlət qayğısından layiqincə yararlanırlar. Rayon rəhbəri, idarə və təşkilatlar tərəfindən problemlərinin həllində onlara kömək göstərilir.
Çernobıl Əlilləri Cəmiyyəti Sabirabad rayon şöbəsinin sədri Əzizağa Quliyev çıxış edərək Çernobıl əlillərinə və onların ailələrinə göstərilən qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinin müdiri Əliqəmə Quliyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılov çıxış edərək Çernobıl əlillərinə göstərilən xidmətin vəziyyəti barədə məlumat vermiş, bundan sonra da onlara diqqət və qayğı ilə yanaşılacağını bildirmişlər.
Çernobıl əlillərinə maddi yardım göstərilmişdir.