Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci rübün yekunları müzakirə olundu və qarşıda duran vəzifələr konkretləşdirildi

19 aprel 2017 | 16:00

Aprelin 19-da rayon İcra Hakimiyyətinin iclas zalında 2017-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncağa RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, təhsil işçiləri, sahibkarlar, fermerlər, ağsaqqallar və ziyalılar dəvət olunmuşdular. Yığıncaqda birinci rübün yekunları geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr konkretləşdirilmişdir.
İşgüzar şəraitdə keçən rüblük hesabat yığıncağı açıq elan olunduqdan sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov hesabat məruzəsi ilə çıxış etmişdir. Rayon rəhbəri öncə Azərbaycan Prezidenti cənab İlham Əliyevin aprelin 10-da keçirilmiş Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş və yekun nitqində səsləndirdiyi prioritet müddəaları bir daha diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, ölkə başçısı iclasda şəhər və rayonlarda iqtisadi durumun yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə icra strukturları qarşısında mühüm vəzifələr qoymuşdur.
Rayon rəhbəri sonra ilin birinci rübündə rayonun sosial-iqtisadi göstəricilərini geniş şərh etmiş və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd etmişdir ki, rayonda ötən müddətdə ictimai yaşayış binalarının təmir olunması, abadlıq-quruculuq işləri davam etdirilmişdir. Əhalinin  məşğulluğunu təmin etmək məqsədilə ölkə başçısının göstərişinə uyğun olaraq  quruculuq və abadlıq işlərində 162 nəfər, çoxmənzilli binaların təmirində 254 nəfər, idarə və müəssisələrdə ümumilikdə 805 nəfər işlə təmin olunmuşdur. Bundan başqa, cari ilin birinci rübündə 73 yeni müəssisə yaradılmış, orada 2110 iş yeri açılmışdır ki, bunun 2080-i daimi, 30-u isə müvəqqəti iş yerləridir. Ötən ilin eyni dövrü ilə müqayisədə iş yerləri 2 dəfə artmışdır.
Ölkə Prezidentinin 16 dekabr 2014-cü il tarixli müvafiq Sərəncamı ilə 20 min nəfər əhalinin yaşadığı, 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 km olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisində son tamamlama işləri aparılır.
2016-cı ildə 2017-ci ilin məhsulu üçün 24475 hektar sahədə taxıl əkilmişdir. Ötən illə müqayisədə taxıl əkini sahəsi artmışdır.
17 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sabirabad və bu ilin 28 mart tarixində Saatlı rayonlarına səfəri zamanı dövlət başçısının sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirələri keçirilmişdir. Müşavirələrdə pambıqçılıqla bağlı aidiyyatı nazirliklərin rəhbərləri, pambıqçılıqla məşğul olan rayonların İcra Hakimiyyətinin başçıları, şirkət nümayəndələri   və sahibkarlar iştirak etmişlər. Cənab Prezidentin müşavirələrdəki çıxışı və tövsiyələri bu sahənin inkişafı üçün böyük  təkan vermişdir.
Cari ildə 15 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur. 1 aprel 2017-ci il tarixə pambıq əkini ilə bağlı ayrı-ayrı şirkətlər tərəfindən 7500 hektar əkin aparılmışdır.
Pambıqçılıqla yanaşı, baramaçılığın inkişafına da diqqət artırılmışdır. Ötən il rayonda 3 tona qarşı 3075 kq barama istehsal olunmuşdur. Cari ildə 6 ton barama istehsalı nəzərdə tutulmuş, 8 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində (Nizami, Ulacalı, Quruzma, Kürkəndi, Qasımbəyli, Yolçubəyli, Qalaqayın və Qaragüney) 62,5 min ədəd tut tingi əkilmişdir.
İribuynuzlu mal-qaranın sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1841 baş artaraq 119069 baş, xırdabuynuzlu mal-qaranın sayı 5310 baş artaraq 218234 baş təşkil etmişdir.
Nizami kəndi ərazisində ildə 200 milyon ədəd yumurta, 1000 ton quş əti istehsal edəcək və 300 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulan quşçuluq kompleksinin tikintisi sürətlə aparılır.
Bağçılıq da inkişaf etdirilir. Salmanlı kəndində 78 ha sahədə üzüm bağı salınmış, əlavə 52 hektarda yeni üzüm sortlarının əkilməsi üçün hazırlıq işləri aparılır. Surra, Cavad, Yolçubəyli, Qasımbəyli, Azadkənd, Qaratəpə kəndlərində 22 hektarda nar, 78 hektarda isə müxtəlif meyvə ağacları əkilmişdir. Qaratəpə kəndində sahibkar tərəfindən 2 ha sahədə istixana tikilir.
Ölkə başçısının tapşırığına əsasən rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı və Əliləmbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün uzunluğu 30 kilometrə yaxın olan «H» kanalının çəkilişi davam etdirilməklə tikintinin cari ildə başa çatdırılması nəzərdə tutulur. Layihənin başa çatması 11 min 498 hektar sahənin su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaqdır.
Bundan əlavə Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin həyata keçirilməsi nəticəsində 15 min 900 hektar sahənin əkin dövriyyəsinə qatılması nəzərdə tutulur.
Cari ildə meliorasiya idarələri tərəfindən ümumilikdə uzunluğu 269,3 km olan su kanalları və 78,3 km olan dren-kollektor şəbəkəsi lildən təmizlənmişdir.
Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə Mürsəlli, Şıxlar, Qaragüney və Dadaşbəyli kəndlərində işlər davam etdirilir.
Elektrik enerjisinin verilişində fasilələrin yaranmasının qarşısının alınması məqsədilə 35/6 kv-luq Axtaçı və 35/10 kv-luq Nizami yarımstansiyaları yenidən qurularaq istismara verilmişdir. Bu ilin 1-ci rübündə sıradan çıxmış 6 ədəd müxtəlif gücə malik transformator təmir edilərək yerinə bərpa olunmuşdur.
Rayonda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə rayon mərkəzinə və 58 kəndə təbii qaz verilir. 2 kənddə (Yolçubəyli və Zəngənə) qazlaşdırılma işləri aparılır.
Təhsil və məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində 360 şagird yerlik  Yaxa Dəllək kənd tam orta məktəbinin tikintisi, 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbində əsaslı təmir, Qəfərli kəndində 80 şagird yerlik modul tipli yeni məktəb binasının tikintisi və 40 yerlik Qarağac kənd uşaq bağçasında isə əsaslı təmir işləri davam etdirilir.
Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə rayonda 205 çarpayılıq xəstəxana binasının tikintisində işlər xeyli sürətlənmiş və xəstəxananın cari ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən cari ilin fevral ayının 15-dən may ayının 15-dək nəzərdə tutulan əhalinin tibbi müayinəsi davam etdirilir. Ötən dövr ərzində müayinəyə 55190 nəfər cəlb olunmuşdur.
2017-ci il isə cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda «İslam Həmrəyliyi  İli» elan olunmuşdur. Bu ilin mayında Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Ölkə üzrə 16 regionda nəzərdə tutulan Həmrəylik Oyunlarının tanıtım tədbiri aprelin 13-də Sabirabad şəhərində keçirilmişdir. Tədbirdə incəsənət ustaları maraqlı  proqramlarla çıxış etmiş, sonda atəşfəşanlıq olmuşdur. Oyunların simvolu olan su Kür-Araz çaylarının qovuşağından götürülərək idmançılarımız tərəfindən Bakı şəhər Olimpiya stadionuna çatdırılacaqdır.
Məruzə ətrafında rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Heydar Yaqubov, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şafiq Heydərov, rayon Mexaniki Suvarma İdarəsinin rəisi Mirəlif Əzizov, RİHB-nin Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eyvaz Fərzəliyev, Ulacalı kənd ərazi icra nümayəndəsi Vüqar Babayev, Kürkəndi kənd ərazi icra nümayəndəsi Zülfəli Musayev, Nizami kənd ərazi icra nümayəndəsi Allahverdi Əliyev, Şıxsalahlı bələdiyyəsinin sədri Elşad Məmmədov və başqaları çıxış etmişlər.
Müzakirələrdən sonra yığıncağa yekun vuran rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün maksimum səy göstəriləcəyini bildirmişdir.

Keçidlər