Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı Sabirabad olmuşdur
«Bakı-2017» IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Sabirabad mərhələsi aprelin 13-də şəhərimizin sakinlərinə yüksək bayram əhval-ruhiyyəsi bəxş etmişdir.
«Bakı-2017» IV İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixlərində Azərbaycanda keçiriləcək. Ölkəmizin paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Baş Assambleyasında oyunların ev sahibliyinə layiq görülmüşdür. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılmışdır. Fərmana əsasən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri təyin edilmişdir. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) İHİF ilə birgə oyunları təşkil edəcəkdir. Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.
Xəzər dənizindən start götürən «Bakı-2017» ümumxalq səyahət turu Naxçıvan, Astara, Şirvan şəhərlərindən sonra aprelin 13-də Sabirabada yetişdi. Ölkəmizin 15 bölgəsində baş tutacaq bu tur rayonumuzun sakinlərinə idman bayramı əhval-ruhiyyəsi bəxş etdi.
Mərasim əvvəlcə Suqovuşan hövzəsindən su götürülməsi ilə başlandı. İdmanın qaydasız döyüş növü üzrə dünya çempionatının qızıl medalçısı Azad Əsgərov, sərbəst güləş üzrə Azərbaycan çempionu Seyfulla Mehdiyev və M.Ə.Sabir adın 1 saylı şəhər tam orta məktəbinin IV sinif şagirdi, futbol və rəsm həvəskarı Tahir Quliyev «Bakı-2017»-nin misdən hazırlanmış səhəngi su ilə dolduraraq nümayiş etdirdilər və axşam şəhərimizdəki Heydər Əliyev adına istirahət parkında keçiriləcək su festivalına yola düşdülər. Qeyd edək ki, Suqovuşandan götürülmüş su səhəngi mayın 12-də Bakı Olimpiya stadionunda baş tutacaq açılış mərasimində təqdim olunacaq.
Daha sonra günorta saatlarında Sabirabad Olimpiya İdman Kompleksində «Bakı-2017» IV İslam Həmrəyliyi Oyunlarına daxil olan «Domestic Grassroots» proqramı çərçivəsində möhtəşəm bir layihə «Sport joys» regional idman tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının I müavini Həsən Həsənov çıxış edərək rayon rəhbəri cənab Nazim İsmayılovun və öz adından qonaqları, tədbir iştirakçılarını salamlamış, xoş arzularını bildirmişdir. Vurğulamışdır ki, Xəzər dənizindən start götürən «Bakı-2017» ümumxalq səyahət turu xalqımıza yüksək idman bayramı əhval-ruhiyyəsi bəxş etməklə bərabər, eyn zamanda həmrəylik və sevinc hissi nəsib edir.
Layihənin rəhbəri Ülviyyə Ələkbərova, Oyunların ulduz səfirləri, aktyorlar Rafael İsgəndərov, Coşqun Rəhimov və Müşfiq Abbasov çıxış edərək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin həyatında mühüm hadisə olduğunu qeyd etmiş, idmançılara qələbə sevinci arzulamışlar.
«Bakı-2017» IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə III və VI sinif şagirdləri arasında təşkil olunmuş müsabiqədə rayonumuzun beş məktəbindən 50-si qız, 50-si oğlan olmaqla 100 şagird iştirak etmişdir. Şagirdlər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınamışlar. 8,2,6 saylı şəhər tam orta məktəblərinin şagirdləri müvafiq olaraq I, II və III yerləri bölüşdürmüşlər. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə «Bakı-2017» IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet təqdim edilmişdir. Tədbirdə xatirə şəkili çəkdirilmişdir.
Mərasim axşam saatlarında şəhərimizdəki Heydər Əliyev adına istirahət parkında keçirilən su festivalı ilə davam etdirilmişdir.
Festivalda «Bakı-2017» IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanmasından və bu səyahətin Sabirabad mərhələsindən bəhs edən videoçarxlar nümayiş etdirilmiş, Xəzər dənizindən götürülmüş suyun Sabirabadadək keçdiyi səyahət yoluna nəzər salınmışdır. Sonra su səhəngini daşıyan sabirabadlı idmançılar alqış sədaları altında səhnəyə dəvət edilmişlər.
«Mirvari» rəqs qrupu, muğənnilərdən Sərxan Baxşıyev, Zoya Məmmədova və Şamil Ağayev musiqili proqramla çıxış etmişlər.
Su festivalı lazer şousu və atəşfəşanlıqla başa çatmışdır.
Su festivalında rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov iştirak etmişdir.