Sabirabadda Azərbaycan Dövlət Aqrar Universitetinin professor – müəllim heyətinin şagirdlərlə görüşü keçirilmişdir
Aprelin 4-də Azərbaycan Dövlət Aqrar Universitetinin professor – müəllim heyətinin Sabirabad rayonunda təhsil alan XI sinif şagirdləri ilə görüşü keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov aşaraq qonaqları və tədbir iştirakçılarını salamlamışdır. O bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Saatlıda pambıqçılığa həsr olunmuş Respublika müşavirəsindəki proqram xarakterli nitqində kadr hazırlığı məsələlərinin böyük əhəmiyyəti xüsusi qeyd edilmişdir. Ümumiyyətlə, növbəti illərdə peşə hazaırlığı Azərbaycanda geniş vüsət almalıdır və buna böyük ehtiyac var. Peşə məktəblərinin yaradılması prossesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır. Ölkə başçısı onu da bildirmişdir ki, kənd təsərrüfatı mütəxəssisləri, aqronomlar, bu peşələr üzrə kadrlar hazırlanmalıdır.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında qeyd etmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin professor – müəllim heyətinin gəlişində də məqsəd rayonumuzun məktəblərindən şagirdləri Aqrar Universitetə yönəltməkdir. Bu zaman aqrar sahədə olan kadr qıtlığı aradan qalxar və rayonumuzun kənd təsərrüfatı yüksək ixtisaslı kadrlarla təmin edilər.
Azərbaycan Dövlət Aqrar Universitetinin elmi işlər üzrə prorektoru, elmlər doktoru, professor Nizami Seyidəliyev, aqrobiznesin təşkili və idarə edilməsi kafedrasının dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Telman Musayev, heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası kafedrasının dosenti, aqrar elmlər üzrə fəlsəfə doktoru Mahir Hacıyev, yerüstü nəqliyyat vasitələri və texniki servis kafedrasının assistenti, texnika üzrə fəlsəfə doktoru Əli Zingirov çıxış edərək kənd təsərrüfatı üçün ixtisaslı kadrların yetişdirilməsində Universitetdə görülmüş işlərdən, aqrar sahəni bilikli və bacarıqlı kadrlarla təmin etmək məqsədilə qarşıda duran vəzifələrdən danışmış, kənd məktəblərindən şagirdlərin Universitetə qəbulunun prioritet vəzifə olduğunu diqqətə çatdırmışlar.
Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti və zoomühəndislik, aqronomluq fakultələrinin rayonumuzdan olan tələbələri İsmayıl Abdullayev, Ellada Zülfüqarlı, həmçinin rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev, S. Vurğun adına 3 saylı şəhər tam orta məktəbinin direktoru Mansur Kərimov, Cavad 2 saylı kənd tam orta məktəbinin XI sinif şagirdi Oğuz Mahmudov tədbirdə çıxış etmişlər.