Şriftin ölçüsü :

Saytın rəngi :

Tur-aksiyalar məktəblilərə ölkəmizin bu gününü və keçmişini daha dərindən öyrənmək imkanı verir

16 mart 2017 | 16:00

Martın 16-da səhər saatlarında Sabirabad şəhərindəki Heydər Əliyev parkında böyük canlanma vardı. Rayon İcra Hakimiyyəti və Təhsil şöbəsinin məsul işçiləri, valideynlər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Gəncə-Şəmkir-Göygöl marşrutunun iştirakçıları olan sabirabadlı şagirdləri yola salırdılar.
Yola düşməzdən əvvəl aksiya iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilər Sabirabad Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.
Sabirabad şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi İbrahim Hacızadə sevincini bölüşərək deyib: “Tur-aksiyada iştirak edəcəyimi eşidəndə çox sevindim. Azərbaycanın regionlarını gəzmək, şəhər və rayonların tarixi yerləri, mədəniyyət abidələri ilə tanış olmaq çoxdankı arzum idi. Artıq bu istəyim reallığa çevrilib. Tur-aksiyalar məktəblilərə ölkəmizi, onun bu gününü və keçmişini daha dərindən öyrənmək imkanı verir. Bizə bu imkanı yaradan Prezidentimizə minnətdaram”.
Nizami kənd tam orta məktəbinin IX sinif şagirdi Nilufər Ağayeva söhbətə qoşularaq fikirlərini belə ifadə edib: “Bu gün Azərbaycanın dilbər guşələrindən olan Gəncə şəhərinə, Şəmkir və Göygöl rayonlarına yola düşürük. Sevincimiz hədsizdir. Bölgənin qədim tarixi, mədəniyyəti və incəsənəti barədə çox oxumuşam. Bu gün isə mənə bütün bunları görmək imkanı yaradılıb. Buna görə təşkilatçılara çox sağ olun deyirəm”.
Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən sabirabadlı məktəblilər avtobusa əyləşərək yola düşüblər.

Keçidlər