8 Mart – Beynəlxalq Qadınlar Sabirabad rayonunda qeyd edilmişdir
Martın 7-də rayon Mədəniyyət Mərkəzində 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq bu bayramın keçirilmə tarixindən danışmış, Azərbaycan qadınlarının müsbət keyfiyyətləri barədə öz fikirlərini söyləmişdir. O bildirmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan qadınlarını daim yüksək qiymətləndirmiş, onlara həmişə qayğı göstərmişdir. Bu ənənə hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Cənab Prezidentin müdrik və qətiyyətli siyasəti sayəsində ölkəmiz gündən günə inkişaf edir. İctimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi naminə qadınlarımız var güclərini sərf edirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva qadınlarımıza örnəkdir. O istər ölkəmizdə, istərsə də xaricdə sülh, dostluq, demokratiya naminə misilsiz xidmətlər göstərmiş, xeyirxah əməlləri ilə Azərbaycan xalqının tarixinə parlaq səhifələr yazmışdır. Natiq Azərbaycanın birinci xanımı Mehriban Əliyeva başda olmaqla qadınları bayram münasibətilə təbrik etmiş, onlara cansağlığı, səadət, firavanlıq, işlərində uğurlar arzulamışdır.
Rayon İcra Hakimiyyətinin başçısı qadınların bir qrupuna mükafatlar təqdim etmişdir. Tədbir bayram konserti ilə yekunlaşmışdır.