Sabirabadda mədəni- kütləvi aksiya keçirilmişdir.
Fevralın 28-də rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək” devizi altında mədəni-kütləvi aksiya keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev açmışdır. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təmsilçisi Fərid Qurbanzadə çıxış etmişlər. Natiqlər bildirmişlər ki, dövlətimizin gələcəyi gənclərimizin sağlamlığındadır. Odur ki, ölkəmizdə dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Çıxış edənlər vurğulamışlar ki, narkomaniyaya və digər zərərli vərdişlərə qarşı tədbirlər intensiv aparılmalıdır. Sağlam nəsil yetişdirmək üçün hər kəs öz köməyini əsirgəməməlidir. Sosial bəla olan narkomaniyaya və digər vərdişlərə qarşı mübarizə hamının vətəndaşlıq borcudur.
Tədbir incəsənət ustalarının konset proqramı ilə davam etdirilmişdir. Sonda mədəni-kütləvi aksiyada fərqlənənlərə diplomlar təqdim edilmişdir.