Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı kecirilmişdir

07 fevral 2017 | 16:00

07 fevral 2017-ci il tarixdə rayon Mədəniyyət Mərkəzində Sabirabad rayonunda 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı kecirilmişdir. Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, 2016-cı ildə respublikada olduğu kimi, Sabirabad rayonunda da iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılmış, sosial obyektlərin tikintisi, sənaye və kənd təsərrüfatının inkişafı davam etdirilmişdir. Ölkə başçısının tapşırığına uyğun olaraq 2017-ci ildən başlayaraq rayon yerli xərclərdən maliyyələşməklə respublika büdcəsindən dotasiya almayacaqdır.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 26 yanvar 2016-cı il tarixdə «Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda aqrar sahənin inkişafı, torpaqlardan istifadənin səmərəliyinin artırılması ilə bağlı digər qurumlarla yanaşı yerli icra orqanları qarşısında da ciddi vəzifələr qoymuşdur.
Bu məqsədlə ölkəyə valyuta gətirən sahələrə, o cümlədən rayonumuz üçün ənənəvi sahə olan pambıqçılıq və baramaçılığa dövlət dəstəyinin artırılması, kənd təsərrüfatı istehsalçılarına vergi güzəştlərinin tətbiqinin davam etdirilməsi, onlara yardım və subsidiyaların verilməsi, texnika və gübrələrin alınmasına əvvəlki illərlə müqayisədə daha çox vəsait ayrılması bu sahədə əsaslı dönüş yaratmışdır.
2016-cı il rayonumuzun tarixinə əlamətdar il kimi düşmüşdür. Məlum olduğu kimi, 17 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabirabad rayonuna səfər etmiş, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Fatma Hüseynovanın pambıq sahəsi ilə tanış olmuş, rayonun Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirmişdir. Müşavirədə pambıqçılıqla bağlı aidiyyatı nazirliklərin rəhbərləri, pambıq əkini ilə məşğul olan 24 rayonun icra hakimiyyətinin başçıları, şirkət nümayəndələri və sahibkarlar iştirak etmişlər. Cənab Prezidentin müşavirədəki çıxışı və tövsiyələri bu sahənin inkişafı üçün mühüm rol oynamışdır. Ölkə başçısı həmin müşavirədə demişdir: “Bu gün doğrudan da müasir ölkəmizin tarixində əlamətdar gün kimi qalacaq. Çünki biz bu gün pambıqçılığın şöhrətini bərpa edirik”.
Azərbaycan Respublikasının Prezidentinin Adminisitrasiyası rəhbərinin müvafiq sərəncamı ilə 2017-ci ildə pambıq istehsalının təşkili ilə bağlı Tədbirlər planı təsdiq olunmuşdur. Tədbirlər planında hər işin adı, təşkili üçün məsul qurumlar göstərilmişdir. Bizim vəzifəmiz həmin işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etməkdir.
Baramaçılığın inkişaf etdirilməsi də diqqət mərkəzində olmuşdur. 2016-cı ildə 3 ton barama istehsalına qarşı rayonda 3075 kq barama istehsal edilmiş, gələcəkdə bu sahənin daha da inkişafı istiqamətində işlər aparılır.
Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilir. Rayonun bir sıra kəndlərində istismara yararsız dayaqlar yenisi ilə əvəz olunmaqla “SİP” kabel çəkilmiş, “Smart” kart tipli sayğaclar quraşdırılaraq elektrik təsərrüfatında yenidənqurma işləri aparılmışdır.
Rayonda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə xeyli işlər görülmüşdir.Hazırda rayon mərkəzinə və 57 kəndə təbii qaz verilir.
Təhsil və məktəbəqədər tərbiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində hesabat dövründə 432 şagird yerlik Moranlı kənd tam orta məktəbinin tikintisi başa çatdırılmış, 360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəbinin tikintisi davam etdirilmiş, 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbində əsaslı təmir işlərinə başlanılmışdır. 140 yerlik 1 saylı şəhər uşaq bağçası yenidən qurulmuş, Ulacalı kəndində 20 yerlik uşaq bağçası inşa olunmuş, 40 yerlik Qaraağac kənd uşaq bağçasında isə təmir işləri davam etdirilir.
Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə rayonda bir sıra işlər görülür. Belə ki, 205 çarpayılıq xəstəxana binasının tikintisində işlər xeyli sürətlənmiş və xəstəxananın cari ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Hesabat dövründə rayon əhalisinə göstərilən mədəni xidmətin yaxşılaşdırılması, əhalinin asudə vaxtının səmərəli təşkili, turizmin inkişafı üçün müəyyən işlər görülmüşdür. Ölkə Prezidentinin qayğısı nəticəsində 1976-cı ildə Ulu öndər Heydər Əliyevin tapşırığı ilə tikilib istifadəyə verilmiş Mədəniyyət Mərkəzinin müasir qaydada təmir olunması bu sahədə  əsaslı dönüşə imkan yaratmışdır.
Gənc istedadların aşkar olunması, onların müxtəlif yarışlarda iştirakı təmin edilmişdir.
İdmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, mövcud idman qurğularından səmərəli istifadə edilməsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.
Ərazidə məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ölkə başçısının daim diqqət mərkəzində olmuşdur. Güdəcühür kəndi ərazisində rayonda məskünlaşmış məcburi köçkünlər üçün bütün infrastruktura malik olan 2 qəsəbə salınmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən məcburi köçkünlərin qaldırdıqları hər bir məsələyə həssaslıqla yanaşılmış, onların həlli üçün lazımi tədbirlər görülmüşdür.
Nazirlər Kabinetinin «2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə» həsr olunmuş iclasında və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qarşımıza böyük vəzifələr qoymuşdur. Bu bizdən işimizə daha məsuliyyətlə yanaşmağı tələb edir.
İcazə verin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edim ki, Ümummilli lider Heydər Əliyev ideyalarını daim uca tutan sabirabadlılar bundan sonra da ölkə başçısının ətrafında sıx birləşərək onun qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsinə maksimum səy göstərəcəklər.
Hesabat yığıncağında Sabirabad Kənd təsərrüfatı idarəsinin rəsi Heydər Yaqubov, Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdcüsü Fatma Hüseynova, «ASAN xidmət» mərkəzinin direktoru Elvin Cəfərov, Nizamikənd İƏD-sı üzrə icra nümayəndəsi Allahverdi Əliyev, “MTK Sabirabad” filialının direktoru Yunis Gözəlov, “CTS Sabirabad” filialının direktoru Elburus Məmmədbəyov cıxış etmişlər.
Yığıncaqda həmçinin Milli Məclisin üzvləri akademik Əhliman Əmiraslanov, Rüstəm Xəlilov, Elçin Quliyev, Prezident Administrasiyasının məsul nümayəndəsi İbrahim Mustafayev  cıxış etmişlər.
2015-ci il dekabrın 5-də Kür çayında şagirdini xilas edərək özü çayda boğulmuş Sabirabad şəhər 5 saylı tam orta məktəbin müəllimi Əhliman Hüseynovun yubiley medalı  onun qızı 2 saylı Cavad kənd tam orta məktəbinin tarix müəllimi Aynurə  Hüseynovaya təqdim olunmuşdur.
Sabirabad rayonunun ictimai-siyasi və idman həyatında fəal iştiraklarına, kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim edilmişdir.
Hesabat yığıncağının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunmuşdur.

Keçidlər