Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda pambıqçılığa həsr olunmuş müşavirə

26 yanvar 2017 | 16:00

Yanvarın 26-da Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi pambıq əkiləcək sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli aparılmasının üstünlükləri mövzusunda respublika müşavirəsi keçirilmişdir. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, nazirliklə əlaqəli qurumların rəhbərləri, rayonların icra hakimiyyəti orqanlarının, iri pambıqçılıq şirkətlərinin nümayəndələri rayonların kənd təsərrüfatı idarələrinin rəisləri, eləcə də 27 rayondan gəlmiş 300—dən artıq pambıqçı fermer və sahibkar iştirak etmişlər.
Müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Dövlət başçısı ölkənin pambıqçılıq sahəsinin potensialından maksimum şəkildə səmərəli istifadə olunması hesabına, bir tərəfdən kənd yerlərində əhalinin layiqli məşğulluğunun və gəlir əldə etmək imkanlarının təmin olunmasını, digər tərəfdən isə ölkənin ixrac potensialının gücləndirilməsini başlıca vəzifə kimi müəyyən etmişdir. Eyni zamanda bu vəzifənin reallaşdırılması üçün dövlət başçısının tapşırıqları əsasında konkret dövlət dəstəyi tədbirlərinin görülməsinə başlanılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı eyni zamanda rayonumuzun kənd təsərrüfatı istehsalı, o cümlədən pambıq istehsalı sahəsində böyük potensiala və ənənəyə malik olduğunu qeyd etmiş, aqrar sahədə mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər və problemlər barədə məlumat vermişdir.
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev «Azərbaycanda pambıqçılığın inkişafı-hədəflər və perspektivlər», Kənd Təsərrüfatı Nazirliyi aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov «Pambıq əkinləri üçün ayrılmış torpaq sahələrində dondurma şumu və arat suvarmanın aqrotexniki əhəmiyyəti» , Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Nizami Seydəliyev «Pambıq əkinində aqrotexniki əməliyyatların düzgün təşkili» mövzularında məruzə etmişlər.
Tədbirdə “MKT” İK MMC-nin baş direktoru Eldəniz Quliyev, “CTS” Aqro MMC-nin icraçı direktoru Arif İbrahimov, fermer təsərrüfatlarının rəhbərləri Fatma Hüseynova, Əfras Əsgərov və başqaları çıxış etmişlər.
Müşavirədə müzakirələr olmuş, qarşılıqlı fikir mübadiləsi edilmişdir. Pambıq əkinləri üçün dondurma şumu və aratın aparılması təsərrüfat sahəsində tarla şəraitində nümayiş etdirilmişdir. Mütəxəssislər müşavirə iştirakçılarına mövzu ilə bağlı məlumatlar vermişlər.

Keçidlər