Rayonumuzda qanvermə aksiyası keçirilmişdir
Dekabrın 15-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə rayonumuzda qanvermə aksiyası keçirilmişdir. Aksiya talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara kömək məqsədi daşıyırdı. Bu məqsədlə Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsində əvvəlcədən hazırlıq işləri görülmüş, xüsusi olaraq ayrılmış kabinetdə qan götürmək üçün lazımi şərait yaradılmışdı.
Həmin gün səhər saat 9-dan poliklinikada B. Eyvazov adına Hematologiya Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının əməkdaşları qanvermə aksiyasını həyata keçirmişlər. İdarə, müəssisə və təşkilatların kollektivləri, şəhər sakinləri bu aksiyada könüllü surətdə iştirak etmişlər.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov ilk qan vermişdir. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılov da ilk qan verənlər sırasında olmuşdur.
Aksiyada iştirak edənlər bunu özlərinə mənəvi borc hesab etdiklərini bildirmişlər. Qan vermək kimisə yaşatmaq, kiməsə həyat bəxş etmək deməkdir, ona görə də bu aksiyaya hamı həvəslə qoşulur. Qanvermə aksiyası talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara kömək məqsədi ilə həyata keçirilir, axı uşaqlar bizim gələcəyimizdir. Onların sağlamlığı gələcək nəslimizin sağlamlığı deməkdir.
Qanvermə aksiyası axşam saatlarınadək davam etmişdir. 202 nəfər qan vermişdir.