Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvədir
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının yaranmasından 24 il keçir. Bu münasibətlə noyabrın 21-də YAP rayon təşkilatının inzibati binasında tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin şəhərimizin mərkəzindəki abidəsi önünə gələrək ulu öndərə məhəbbət və ehtiramlarını bildirmiş, gül-çiçək dəstələri düzmüşlər.
Rayon İcra Hakimiyyətinin başçısı, YAP siyasi şurasının üzvü Nazim İsmayılov tədbiri açdıqdan sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon rəhbəri xronoloji ardıcıllıqla ötən illərdəki hadisələrə ekskurs edərək bildirmişdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə səriştəsiz rəhbərlər olduğundan torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Vəziyyət vətəndaş müharibəsi həddinə çatmışdı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi qarşısında idi. Belə çətin vaxtda ölkə ziyalıları Naxçıvanda siyasi fəaliyyətini davam etdirən ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Beləliklə, ulu öndər Heydər Əliyevin rəhbərliyi və ideyası ilə 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Xalqımızın tarixində mühüm yeni dövr başlandı. Ulu öndərin qətiyyəti sayəsində yaranan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ölkəmizin iqtisadi-siyasi həyatında mühüm rol oynamağa başladı. İndi Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının rifahı, ölkəmizin inkişafı naminə Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilmişdir. Yarandığı ildən bəri bu partiya Azərbaycanda milli dövlətçilik ənənələrinin inkişafında, respublikamızın bir çox taleyüklu problemlərinin aradan qaldırılmasında həlledici rola malik olan bir siyasi təşkilat kimi öz bəhrəsini vermişdir. Ötən illər ərzində Azərbaycanda dövlət quruculuğu sahəsində çox mühüm işlər görülmüşdür. Ulu öndər Heydər Əliyev tərəfindən başlanan bu proses onun siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yeni Azərbaycan Partiyasının yerlərdə təşkilatlanması çağırışına Sabirabad rayonu ilk səs verənlərdən olmuşdur. Tədbirdə həmçinin YAP rayon təşkilatının yaranmasında xidmətləri olmuş, dünyasını dəyişmiş partiya üzvlərinin xatirələri də bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə YAP rayon təşkilatının veteranı Salamulla Abdullayev çıxış edərək bildirmişdir ki, YAP rayon təşkilatı respublikamızda sayca ikinci öz təsis konfransını keçirmişdir. Rayon təşkilatının təsisi və sonrakı ilk illərdə fəaliyyət göstərməsi çox çətin və mürəkkəb şəraitdə olmuşdur. Lakin bütün çətinliklərə baxmayaraq rayon təşkilatı mütəşəkkil fəaliyyət göstərmişdir. Natiq daha sonra bildirmişdir ki, bugünkü xoşbəxtliyimiz, firavanlığımız üçün biz hər şeydən əvvəl müstəqil Azərbaycanın qurucusu və memarı olan ulu öndər Heydər Əliyevə borcluyuq.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov tədbirə yekun vuraraq bildirmişdir ki, YAP-ın tarixi müstəqil Azərbaycanın inkişaf tarixi ilə bağlıdır. Bu gün tarixi bir gündür, bayramdır. Bu münasibətlə hamınızı ürəkdən təbrik edir, könül xoşluğu, cansağlığı, işlərinizdə uğurlar arzulayıram. Yaşasın Heydər Əliyev ideyaları! Cənab Prezidentimiz İlham Əliyevə eşq olsun! Eşq olsun Azərbaycan xalqına! Yaşasın müstəqil Azərbaycan!