«Ölkəmizi tanıyaq» tur-aksiyasının 6-cı mərhələsində rayonumuzdan 40 nəfər məktəbli iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə etdiyimiz nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan məktəbli gənclərin bölgələrə səyahətləri çərçivəsində rayonumuzdan da 40 nəfər şagird bu tədbirə qatılmışdır.
Noyabrın 12-də «Ölkəmizi tanıyaq» adı altında keçirilən maarifləndirici tur- aksiya çərçivəsində 40 nəfər IX-XI sinif şagirdi sübh tezdən şəhərimizdəki Heydər Əliyev parkına toplaşmışdılar. Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin məsul işçiləri, valideynlər Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə səfər edəcək şagirdləri yola salırdılar. Onlar üç gün ərzində adları çəkilən şəhərlərdə olacaqdılar.
Şagirdlər əvvəlcə Gənclər Mərkəzinin həyətində ağac və gül kolları əkmişlər. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olmuşlar.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək bildirmişdir ki, layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını onlara göstərməkdir.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxışında vurğulamışdır ki, bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində, tədrisdə əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsində mühüm rol oynayır.
Rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev qeyd etmişdir ki, aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagirdlər və müəllimlər təcrübə mübadiləsi etmək imkanı da qazanırlar.
Valideynlər adından Dadaş Rüstəmov çıxış edərək gəncliyin inkişafına göstərilən dövlət qayğısından minnətdarlıqla söz açmışdır.
Müəllimlər və valideynlər «Ölkəmizi tanıyaq» layihəsi çərsivəsində respublikamızda təşkil olunan tur-aksiyanın əhəmiyyətindən danışaraq məktəblilərə uğurlu yol, mənalı istirahət arzulamışlar.
Xatirə şəkli çəkdirildikdən sonra tur-aksiyada iştirak edəcək 40 nəfər məktəbli avtobusa minərək yola düşmüşlər.
Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə səfər edən iştirakçılar Qəbələ rayonunda Heydər Əliyev adına Konqres Mərkəzi, «Qəbələnd» istirahət mərkəzi, «Beltmann» piano zavodu, «Tufandağ» xizəkçilik kompleksi və Qəbələ konserv zavodu ilə tanış olmuş, Çuxur Qəbələ tarix-mədəniyyət qoruğuna, Nohur gölünə, Vəndam şəlaləsinə, udinlərin yaşadığı Nic kəndinə ekskursiyalar etmişlər. Tur çərçivəsində onlar Şəki Dövlət tarix memarlıq qoruğu, Şəki Xan Sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndində yerləşən qədim Alban məbədi ilə tanış olmuş, sənətkarlar məhəlləsinə ekskursiya etmişlər. Zaqatala rayonunda Zaqatala tarixi-mədəniyyət qoruğu, Dədə Qorqud Meydanı ilə tanış olmuş, fındıq emalı müəssisəsinə baxış keçirmişlər.
«Ölkəmizi tanıyaq» tur-aksiyası noyabrın 15-də başa çatmış, məktəblilər doğma rayona qayıtmışlar.