Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Azərbaycan Respublikasının Dövlət Bayrağı və Konstitusiya Günü qeyd edilmişdir

08 noyabr 2016 | 16:00

Noyabrın 8-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağı və Konstitusiya Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülmüşdür.
Toplantını giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı  Nazim İsmayılov açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov Dövlət Bayrağı və Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını  təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Daha sonra rayon prokuroru Pərvin Quliyevin məruzəsi dinlənilmişdir. Natiq bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti «Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında» Qanun qəbul edərək onu Dövlət Bayrağı elan etmişdir. 2004-cü il iyunun 8-də «Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında» Azərbaycan Respublikasının qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Azərbaycan Respublikasının Dövlət Bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də «Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında» sərəncam imzalamışdır. O vaxtdan hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilmişdir.
Məruzəçi qeyd etmişdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlanmışdır. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başlamış və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verilmişdir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu  ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunmuşdur. Azərbaycanın Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. 1996-cı il fevralın 6-da ümummilli lider Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilmişdir.
Şair Ərzuman Ümman Azərbaycan Respublikasının Dövlət Bayrağına və ümummilli lider Heydər Əliyevə həsr etdiyi şeirləri söyləmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov yekun nitqi ilə çıxış edərək vurğulamışdır ki, 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının- Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə istirahət parkının təntənəli açılışı olmuşdur. Həmin mərasimdə mən də iştirak etmişəm. 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2 metr, qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Meydanda  Dövlət Bayrağı Muzeyi yaradılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı bir daha tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmişdir.

Keçidlər