Daşqından ziyan çəkən Sabirabad rayonunun Ulacalı kəndində yeni qəsəbə və kənd məktəbinin təzə korpusu istifadəyə verilmişdir
2010-cu ilin mayında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində Sabirabad rayonunda əsaslı işlər həyata keçirilmişdir. Rayonda çiy kərpicdən tikilmiş evlərin yerində möhkəm özüllü 1078 yeni ev tikilmiş, 80 evdə bərpa-gücləndirmə işləri görülmüş, əhaliyə dəymiş ziyana görə 12 milyon mantdan çox kompensasiya verilmişdir. 12 sosial obyekt demək olar ki, yenidən qurulmuşdur.
Bu bölgəyə səfərləri çərçivəsində ölkə Prezidenti İlham Əliyev əsaslı təmirdən sonra Mürsəlli və Qasımbəyli kənd tam orta məktəbləri ilə tanış olmuş, subasmaya məruz qalmış Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı və başqa 14 kənddən keçməklə 68 kiolometr uzunluğunda yeni asfalt yolun ilk 15 kilometrlik hissəsinin açılışında iştirak etmişdir. Qeyd edək ki, artıq keçən ilin dekabrında həmin yolun qalan 53 kilometrlik hissəsi də istifadəyə verilmişdir. Həmin işlərin davamı olaraq təbii fəlakətdən daha çox ziyan çəkən Ulacalı kəndində 50 evdən ibarət yeni qəsəbə salınmış, elə həmin kənddə kənd məktəbinin ibtidai sinifləri üçün yeni korpusun inşası da başa çatdırılmışdır.
Martın 3-də yeni qəsəbənin açılışı və məktəb korpusunun istifadəyə verilməsi münasibətilə Ulacalı kəndində təntənəli mərasimlər keçirilmişdir. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbirləri giriş sözləri ilə açaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə rayonda görülən böyük işlərdən danışmış və dövlət başçısına dönə-dönə əhalinin minnətdarlığını ifadə etmişdir. Fövqəladə Hallar Nazirinin müavini Orucəli Hacıyev aparılan keniş miqyaslı tədbirlərlərdən bəhs etmiş, hələ görüləcək işlərinin də olduğunu bildirmişdir.
Çıxış edənlər yeni qəsəbənin sakinləri Mənsuma Cəfərova, Zakir Babayev, Ramiz Əhədov, Ulacalı kənd tam orta məktəbinin direktoru Nail Xammədov, məktəbin müəlliməsi Mənsurə İsmayılova və valideyin Sitarə Mikayılova onlara göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə sonsuz ehtiramlarını dəfələrlə dilə gətirmiş, Prezidenti və Mehriban xanım Əliyevanı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etməkdən şərəf duyduqlarını bildirmişlər. Onlar Föqəladə Hallar Nazirliyinin və rayon İcra Hakimiyətinin də qayğısını daim üzərlərində hiss etdiklərini söyləmişlər.
Sonda tədbir iştirakçıları dövlət başçısına müraciət qəbul etmişlər. Müraciətdə belə sonuclanır: «Çox hörmətli Prezidentimiz, bu əziz günlərdə ocağımızı yandırdınız, Allah ocağınızı daha gur yandırsın. Əmin olun ki, sabirabadlılar Sizinlədir, Sizinlə qürür duyurlar».