Şriftin ölçüsü :

Saytın rəngi :

İlin doqquz ayının yekunları müzakirə olunmuşdur

19 oktyabr 2016 | 16:00

Oktyabrın 19-da Sabirabad Mədəniyyət mərkəzində cari ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncağa rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı mütəxəssisləri, fermerlər, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri dəvət olunmuşdular.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul nümayəndəsi İbrahim Mustafayev iştirak etmişdir.
İşgüzar şəraitdə keçən yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış etmişdir. O öz çıxışında tədbir iştirakçılarının diqqətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayında sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda ölkə başçısının nitqinə yönəltmişdir.
Cənab İlham Əliyevin nitqində bütün sahələr təhlil olunmaqla qarşıya mühüm vəzifələr qoyulmuşdur. Ölkə başçısı regionlarda sənaye zonalaranın, aqroparkların yaradılmasının vacibliyini önə çəkməklə əsas diqqəti kənd təsərrüfatının ayrı-ayrı sahələrinin-pambıqçılığın, baramaçılığın, taxılçılığın, heyvandarlığın və digərlərinin inkişafına yönəltmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı xüsusi qeyd etmişdir ki, 2016-cı il Sabirabad rayonunun tarixində əlamətdar il olaraq qalacaqdır. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin sentyabrın 17-də rayonumuza növbəti səfəri olmuşdur. Ölkə başçısı Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdcüsü Fatma Hüseynovanın pambıq sahəsi ilə tanış olmuş, pambıqçılarla söhbət etmişdir. Sonra cənab İlham Əliyevin sədrliyi ilə rayon mədəniyyət mərkəzində pambıqçılığın inkişafına dair I Respublika müşavirəsi keçirilmişdir. Müşavirədə pambıqçılıqla bağlı aidiyyatı nazirliklərin rəhbərləri, pambıq əkini ilə məşğul olan rayonların icra hakimiyyətinin başçıları, şirkət nümayəndələri və sahibkarlar iştirak etmişlər. Möhtərəm Prezidentimizin müşavirədə dediyi “Bu gün doğrudan da müasir ölkəmizin tarixində əlamətdar gün kimi qalacaq. Çünki biz bu gün pambıqçılığın şöhrətini bərpa edirik” sözləri hər birimizdə böyük ruh yüksəkliyi yaratmışdır.
Nazim İsmayılov bildirmişdir ki, cari ildə rayonda pambıqçılığın inkişaf etdirilməsi sahəsində xeyli iş görülmüşdür. Bu il 6113 hektar sahədə pambıq əkilmiş, hazırda pambıq yığımı davam edir. Bu günədək 4,0 min ton pambıq tədarük olunmuşdur. Ötən il rayon üzrə 1633 ha sahədə pambıq əkilməklə 1853 ton məhsul istehsal olunmuşdur. Uzun müddət fəaliyyəti dayanmış “MKT İK” MMC Sabirabad rayon filialının rayonun Axtaçı-Muğan kəndində yerləşən emal müəssisəsinin fəaliyyəti bərpa olunmaqla müəssisədə 150 nəfərdən çox işlə təmin edilmişdir. Bu il rayonda 3656 hektarda pambıq əkmiş “CTS Aqro” MMC-nin Sabirabad rayonunda pambıq emalı müəssisəsinin yaradılması da nəzərdə tutulur.
Lakin pambıq yığımının sürəti çox aşağıdır. Hava şəraitinin yaratdıqları çətinlikləri səbəb kimi sayılsa da əsas məsələ odur ki, yerlərdə bu işlərə lazımi məsuliyyətlə yanaşılmır. 2016-cı ildə pambığın əkinlərində gecikmələrin olduğu nəzərə alınaraq bizim rayona hektardan 20 sentner hesabı ilə 12000 ton pambıq tədarükü nəzərdə tutulmuşdur. Toplanmış pambığın 80%-i əl ilə yığılmışdır. Amma bu sahədə səfərbərlik əksər yerlərdə qənaətedici deyildir. Kənddə yaşayan hər bir kəs, vəzifəsindən asılı olmayaraq pambıq yığımına səfərbər olmalıdır. Şəhərdə yaşayanlar da təşəbbüs göstərməlidirlər. Vəziyyətin son dərəcə gərginliyini nəzərə alaraq hamı bu işə səfərbər olmalıdır. 2017-ci ildə rayon üzrə 15 min hektar pambıq əkilməsi qarşıya vəzifə kimi qoyulmuşdur. Ölkə başçısı Sabirabadda keçirilən toplantıda gələn il respublikada 100 min hektar pambıq əkməklə hər hektardan 25 sentner məhsul götürülməsi tapşırığını vermişdir.
Pambıq əkən şirkətlər – “MKT İK” MMC və «CTS Aqro» MMC gələn ilin pambıq əkini üçün müqavilələrin bağlanmasını təmin etməlidirlər.
Rayonda baramaçılığın inkişafı üçün görülmüş tədbirlər hesabına bu il 3 tona qarşı 3075 kq barama istehsal olunaraq tapşırıq yerinə yetirilmiş, gələcəkdə bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində işlər aparılır. 2016-cı ildə rayonda 82 min tut tinginin əkilməsi nəzərdə tutulmuşdur.
Minbaşı kəndində 500 başlıq südçülük istiqamətində iri buynuzlu heyvandarlıq kompleksinin yaradılması işlərinə başlanılmış, kəndli fermer təsərrüfatı “Qoç-Ət” MMC tərəfindən “Aqrolizinq” xətti ilə Avstriyadan 185 baş simmental cins mal-qara gətirilmiş, qalan hissəsinin də ilin axırına kimi alınması planlaşdırılmışdır.
Bu yaxınlarda Nizami kəndi ərazisində ildə 72 milyon ədəd yumurta, 1700 ton quş əti istehsal edəcək və 300 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulan 1,2 milyon başlıq quşçuluq kompleksinin tikintisinə başlanılacaqdır.
Ölkə başçısının tapşırığına əsasən uzun illər problem olan 30 kilometrlik “H” kanalının çəkilişi davam etdirilir. Bu da rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Əliləmbəyli və Azadkənd kəndlərinin su problemini həll edəcəkdir.
Hesabat dövründə rayon üzrə əvvəlki ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun həcmi 7,5 taxıl istehsalı 8,5, tərəvəz istehsalı 11,1, ət istehsalı 8,1, süd istehsalı 6,1, yun istehsalı 7,2 faiz artmışdır.
Cari ildə Heydər Əliyev prospektində, İ.İsgəndərov, 20 Yanvar küçələrində yerləşən 27 çoxmərtəbəli yaşayış binasında təmir, ətraflarında abadlıq işləri aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” 19 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən şəhərin prospektlərində və digər küçələrində yerləşən 34 çoxmərtəbəli yaşayış binasında təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Aztəminatlı əhalinin mənzil probleminin həlli üçün rayon mərkəzində tikintisi nəzərdə tutulan üç 60 mənzilli və üç 30 mənzilli yaşayış binalarının tikilməsi məqsədilə torpaq sahələri ayrılmışdır.
Son illər rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq ümumilikdə 56 min əhalinin yaşadığı, 30 yaşayış məntəqəsini birləşdirən 114 km uzunluğunda avtomobil yolu, 16 min nəfərdən artıq əhaliyə xidmət edən Kür çayı üzərindən körpü salınmışdır. Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun 31 kilometrlik hissəsində əsaslı təmir işləri aparılmış, yolun qalan 12 kilometrlik hissəsində isə bu işlər davam etdirilir. Uzunluğu 46 km olan Şirvan-Axtaçı-Muğan-Sabirabad avtomobil yolunun 10 kilometrlik hissəsində əsaslı təmir işləri aparılmışdır.
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin səviyyəsinin və təlim-tərbiyənin yüksəldilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Təhsil Nazirliyinin “Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı hesabatında əvvəlki illərlə müqayisədə Sabirabad təhsilinin inkişaf tempi qeyd edilmişdir. Buraxılış imtahanlarının nəticələri də əvvəlki ilə nisbətən yüksəlmişdir. Bu il 315 məzun ali məktəblərə qəbul olunmuşdur. 432 şagird yerlik Moranlı kənd tam orta məktəbin yeni binası istifadəyə verilmiş, 360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəbində tikinti işləri davam etdirilir. 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbində əsaslı təmir işlərinə başlanmışdır.
Heydər Əliyev Fondunun dəstəyi ilə şəhər 3 №-li uşaq bağçası üçün 100 yerlik bina tikilmiş, Sabirabad şəhər 140 yerlik 1 saylı, 40 yerlik Çöl Beşdəli və 40 yerlik Axısxa kənd uşaq bağçaları əsaslı təmir edilmişdir. 40 yerlik Qaraağac kənd uşaq bağçasında əsaslı təmir işləri davam etdirilir. Ulacalı kəndində yeni tikilən 20 yerlik uşaq bağçası yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Hesabar dövründə Mərkəzi Xəstəxananın kollektivi əhalinin sağlamlığının qorunması sahəsində mövcud imkanlardan səmərəli istifadə olunmasına səy göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2016-cı il fevralın 15-dən mayın 15-dək 113839 nəfər tibbi müayinədən keçirilmiş, onlardan 3010 nəfəri ambulator müalicəyə, 692 nəfəri rayon Mərkəzi Xəstəxanasında stasionar müalicəyə cəlb edilmiş, ciddi xəstəliyi olan 256 nəfər Bakı şəhərinə müvafiq klinikalara göndərilmişdir.
Rayonda səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 205 çarpayılıq mərkəzi xəstəxana üçün binanın tikintisində işlər sürətlə aparılır. İlin 9 ayında Güdəcühür, Bulaqlı, Əsədli, Cəngan, Qardaşkənd, Zalqaraağac kəndlərində həkim məntəqələri tikilib istifadəyə verilmişdir.
Mədəniyyət sahəsində gənc istedadların aşkar olunması, onların müxtəlif yarışlarda iştirakı təmin edilmişdir. Cari ilin avqustun 19-da isə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun təşəbbüsü, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qarpız festivalı” keçirilmişdir. Heydər Əliyev adına parkda təşkil olunmuş festival çox saylı turistlərin və rayon sakinlərinin marağına səbəb olmuşdur. Festivalda qarpız üzərində “bədii oyma sənəti”ndən bəzi nümunələr, qarpızdan hazırlanmış 20 növ təam sərgilənmiş, tədbir böyük konsert proqramı ilə başa çatmışdır.
2016-cı ilin 9 ayında dini durum sabit olmuşdur. Rayonda milli azlıqlarla müntəzəm iş aparılır.
Hesabat dövründə rayon İcra Hakimiyyəti vətəndaşların qəbullarına, onların ərizə və şikayətlərinə vaxtında baxılmasına böyük önəm vermişdir. 2016-cı ilin 9 ayında rayon İcra Hakimiyyətinə vətəndaşlardan 1343 təklif, ərizə və şikayət daxil olmuşdur.
Həmin dövrdə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 1027 nəfər vətəndaş qəbul edilmiş, inzibati ərazi dairələrində 33 görüşü keçirilmiş, bu görüşlərdə 107 nəfər (ümumi iştirak edənlərin sayı 4665 nəfər) müxtəlif sahələrdəki problemlərlə bağlı məsələ qaldırmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı yekun nitqində demişdir: “Azərbaycan son üç ay ərzində görüləcək işlər nəticəsində 2016-cı ili də uğurla başa vuracaq. 2017-ci il də uğurlu olacaq. Əminəm ki, qarşıya qoyulan bütün vəzifələri icra etmək üçün bizdə kifayət qədər iradə, güc var. Xalq bizim siyasətimizi dəstəkləyir, referendumun nəticələri bunu bir daha təsdiqləyir. Bizim yolumuz açıqdır. Biz bundan sonra da inkişaf və tərəqqi yolu ilə gedəcəyik”
Məruzə ətrafında rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Heydar Yaqubov, Nizami bələdiyyəsinin sədri Müslüm Rzayev, Çöl Beşdəli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qalib İbrahimov çıxış etmişlər.
Yığıncaqda Quruzma kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Eyvaz Fərzəliyev, Qaralar kəndindən icarəçi Umud Məmmədov, Minbaşı bələdiyyəsinin sədri Rufulla Qocayev, Yolçubəyli kəndindən icarəçi Tumarxan Mehbalıyev, Qasımbəyli kəndindən icarəçi Cəlal Məmmədov, Qaragüney bələdiyyəsinin sədri Hakim Fətişov, «MKT İK» MMC-nin Axtaçı kənd pambıqtəmizləmə zavodunun direktoru Yunus Gözəlov, «CTS Aqro» MMC-nin Nizami kənd pambıq qəbulu məntəqəsinin direktoru Elbrus Məmmədbəyov çıxış edərək görülmüş işlər barədə məlumat vermişlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul nümayəndəsi İbrahim Mustafayev çıxış edərək qarşıda duran vəzifələrdən danışmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov yığıncağa yekun vuraraq əminliklə bildirmişdir ki, ümummilli lider Heydər Əliyev ideyalarına daim sadiq olan sabirabadlılar bundan sonra da ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə maksimum səy göstərəcəklər.

Keçidlər