Sabirabadda Beynəlxalq Müəllimlər günü qeyd edilmişdir.
Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin şəhərimizin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüşlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq Beynəlxalq Müəllimlər günü münasibətilə təhsil işçilərini təbrik etmiş, onlara xoş arzularını çatdıraraq can sağlığı, işlərində uğurlar diləmişdir. O bildirmişdir ki, Beynəlxalq Müəllimlər günü UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Ölkəmizdə Beynəlxalq Müəllimlər günü ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993- cü ildən qeyd olunur. Fərəhli haldır ki, bu bayram günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Ağayeva Xuraman Müslüm qızı “ Əməkdar müəllim ” fəxri adına laiq görülmüş, Şərifov Elşad Əlikram oğlu isə “ Tərəqqi “ medalı ilə təltif edilmişdir. Bu münasibətlə onları təbrik edir, işlərində daha böyük uğurlar arzulayıram.
Rayon İcra Hakimiyyətinin başçısı eyni zamanda təhsil sistemində islahat proqramının həyata keçirilməsi, təhsil müəssisələrinin maddi–texniki bazasının möhkəmləndirilməsi və təhsil işçilərinin maddi rifah halının yaxşılaşdırılması sahəsində görülmüş işlərdən, dövlət başçısının və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri qayğıdan ətraflı danışmışdır.
Rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev çıxış edərək qazanılmış uğurlardan, nöqsanlardan, problemlərin aradan qaldırılması yollarından danışmışdır. Nizami Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbin ingilis dili müəllimi “ İlin ən yaxşı müəllimi” adına laiq görülmüş Ellada Mirzəyeva, Sarxanbəyli kənd tam orta məktəbinin müəllimi Nizami Əbilov , rayon Ziyalılar cəmiyyətinin sədri Böyükağa Həmidov çıxış edərək müəllimləri bayram münasibətilə təbrik etmiş, təhsilə və bu sahənin işçilərinə gösrərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Heydər Əliyev fondunun rəhbəri Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Pedaqoji fəaliyyətində uğurlar qazanmış bir qrup təhsil işçisinə rayon İcra Hakimiyyətinin və rayon Təhsil şöbəsinin Fəxri fərmanları təqdim edilmişdir.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya, Təhsil naziri Mikayıl Cabbarova rayonun təhsil işçiləri adından təbrik teleqramı ünvanlanmışdır.