«Bilik günü» Sabirabadın Moranlı kənd tam orta məktəbində də qeyd olundu.
Yeni dərs ilinin başlanması ilə əlaqədar Moranlı kənd tam orta məktəbində «Bilik günü» təntənəli qeyd olunmuşdur. Tədbirə toplaşanlar bayram əhval ruhiyyəsində idilər. Çünki bu ildən şagirdlər yeni, müasir məktəbdə təhsil alacaqlar. Moranlı kənd tam orta məktəbi uzun illər uyğunlaşdırılmış, köhnə, darısqal otaqları olan binada yerləşirdi. Vəziyyəti nəzərə alaraq kənddə yeni məktəb binasının tikintisinə başlandı və qısa bir müddətdə 2 mərtəbəli, 432 şagird yerlik gözəl, müasir məktəb binası tikildi. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şəraiti olan akt zalı, idman zalı şagirdlərin ixtiyarına verilmişdir. Məktəbdə fizika, kimya, biologiya üzrə fənn laboratoriyası yaradılmışdır. Məktəbin şagird və məzunları müxtəlif bilik və idman yarışlarında, olimpiadalarda uğurla iştirak etmişlər.
Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanları zamanı da yüksək bilik nümayiş etdirirlər. Keçən il məktəbin məzunu Abbaszadə Gülnaz Asif qızı 603 balla Turizm Universitetinə, bu il isə Ağabəyli Ağagül Telman oğlu 542 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olmuşlar.
Sentyabrın 15-də Moranlı kənd tam orta məktəbində keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov iştirak etmişdir. O «Bilik günü» və yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə məktəbin pedaqoji kollektivini, şagirdləri, onların valideynlərini ürəkdən təbrik etmiş, hamıya xoşbəxtlik, işlərində böyük uğurlar arzulamışdır.
Tədbirdə məktəbin direktoru Asif Qarayev, valideyn Ağalar Zeynalov çıxış edərək ölkə başçısı cənab İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova dərin minnətdarlıq və razılıqlarını bildirmişlər.